Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
Dənizkənarı Milli Park nüfuzlu “Green Flag Award” beynəlxalq mükafatına layiq görülüb.
“Qafqazinfo” xəbər verir ki, mükafat dünyanın ən mötəbər park idarəçiliyinin qiymətləndirilməsi sistemlərindən biri kimi ictimai istirahət məkanlarında yüksək idarəetmə standartlarını, cəmiyyət üçün əlçatan, təhlükəsiz və baxımlı, ekoloji baxımdan dayanıqlı yaşıl ərazilərin saxlanması və inkişaf etdirilməsini qiymətləndirir.
“Green Flag Award” proqramı 1996-cı ildə təsis edilib və hazırda 20-dən artıq ölkədə tətbiq olunan beynəlxalq ekoloji qiymətləndirmə sistemidir. Mükafat yalnız yaşıllıqların qorunması, təmizlik və təhlükəsizlik, infrastrukturun vəziyyəti, idarəetmə səmərəliliyi, təbiətə qayğı, ictimai iştirak və inklüzivlik kimi çoxsaylı meyarlar üzrə yüksək göstəricilər əldə edən park və istirahət məkanlarına təqdim olunur.
Unikal tarixi, təbii-ekoloji və mədəni kompleks kimi Dənizkənarı Milli Parkın qiymətləndirilməsi prosesində onun estetik əhəmiyyəti, Bakı şəhərinin tarixini və müasir inkişafını əks etdirməklə, unikal şəhər mühiti yaratması, ictimai əhəmiyyəti, habelə saxlanması və idarə edilməsində dövlət tərəfindən tətbiq edilən unikal idarəetmə modeli xüsusilə qeyd edilib.
Qeyd edək ki, Dənizkənarı Milli Park öz unikallığı, ekoloji və ictimai əhəmiyyəti həmçinin saxlanması və qorunması sahəsindəki uğurlarına görə ötən il Niderlandda “International Large Urban Parks Award” (Beynəlxalq Böyük Şəhər Parkları Mükafatı) mükafatına da layiq görülüb.



