Dərc edilib: 11-10-2025

https://www.nuh.az/43262-.html

MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı

11.10.2025 10:17:09

LIVE

Azərbaycanın yaxın tarixində “MTN işi” adı ilə tanınan cinayət dosyesi illərdir gündəmdədir. Bir vaxtlar dövlətin ən güclü, ən qorxulu strukturu olan Milli Təhlükəsizlik Nazirliyi indi keçmişdə qalmış bir xatirədir. Amma məhkəmə qərarları ilə   rütbələri alınmış keçmiş generalları hələ də ölkə gündəmini silkələməkdə davam edir. Bu dəfə xəbərin baş qəhrəmanı Nizami Şirinovdur. O, artıq azadlıqdadır.

Musavat.com xəbər verir ki, o, saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsindən oktyabrın 7-də cəza müddətinin bitməsi ilə əlaqədar azad edilib. 2021-ci ilin aprelində iki MTN  generalının qandallanması ölkədə böyük rezonans doğurmuşdu.

Mövlam Şıxəliyev və Nizami Şirinov Eldar Mahmudovun yetişdirdiyi, eyni vəzifə məktəbinin keçdiyi şəxslər idi. Biri MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə rəhbərlik edir, digəri isə İstintaq Baş İdarəsini idarə edirdi. 2015-ci ilin oktyabrında  birdən Eldar Mahmudovun qurduğu ibdar sistemin sütunları çökdü. Dövlət təhlükəsizliyi adı altında illərlə insanlara qorxu aşılayan bir qurumun içindən korrupsiya, rüşvət, hədə-qorxu, qanunsuzluq dosyeləri bir-bir üzə çıxmağa başladı. Hər iki generalın işi sonradan Bakı Hərbi Məhkəməsinə göndərildi. Nizami Şirinovun cinayət işi hakim Camal Ramazanovun sədrliyi ilə araşdırıldı. İstintaq və məhkəmə sənədləri göstərdi ki, Nizami Şirinov və onunla birlikdə ittiham olunan zabitlər illərlə “himayədarlıq” mexanizmi qurublar.

Onlar MTN Akademiyasına qəbuldan tutmuş, orduda vəzifəyə təyinata qədər hər addımı pulla həll ediblər. Məhkəmədə sübuta yetirildi ki, Nizami Şirinov zərərçəkmiş şəxslərdən – Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan polkovnik Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və 50 min dollar, Rahib Ağayevdən isə 150 min dollar alıb. Bu, bir nəfərin şəxsi korrupsiyası deyildi. Bu, MTN  sisteminin daxilində qurulmuş bir “qara kassa” idi. Məhkəmə onun general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərdi, 180 min manatlıq əmlakının müsadirəsinə qərar verdi.

Nizami Şirinov 8 il azadlıqdan məhrum edildi. Amma o, məhkəmə dövründə Mövlam Şıxəliyevdən fərqli bir taktika seçdi. Zərərçəkənlərə dəymiş ziyanı ödədi, üzr istədi, “peşmanam” dedi. Sonra qərarlar bir-bir yumşaldıldı.

Apellyasiya Məhkəməsi cəzanı 6 ilə, Ali Məhkəmə isə 4 il 6 aya endirdi. Və indi 2025-ci ilin payızında o artıq azad adamdır. “MTN işi”nin generallarından biri azadlığa çıxıb.

Amma eyni gündə qandallanmış digər general Mövlam Şıxəliyev hələ də 9 saylı Cəzaçəkmə müəssisəsində azadlıqdan uzaqdır. Qarşıda 8 il cəza müddəti var.

Onun işi Azərbaycan məhkəmə tarixinin ən ağır korrupsiya işlərindən biri kimi yadda qaldı.

İstintaq müəyyən etdi ki, Mövlam Şıxəliyev və mütəşəkkil dəstəsi 14 milyon 292 min manat məbləğində rüşvət, 5 milyon 77 min manat isə hədə-qorxu ilə əldə edib.

 

Üstəlik, o, sübutları saxtalaşdırıb, səlahiyyətlərini aşıb, zərərçəkmişlərə bir qəpik də qaytarmayıb. Bakı Hərbi Məhkəməsi  hakim Elbəy Allahverdiyevin sədrliyi ilə  Mövlam Şıxəliyevə 12 il azadlıqdan məhrumetmə cəzası kəsdi.

Rütbəsi, ordenləri, medalları əlindən alındı. Prezident İlham Əliyev onun general-mayor ali hərbi rütbəsindən və “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” orden və medallarından məhrum edilməsi barədə sərəncam imzaladı.

Ali Məhkəmə onun kassasiya şikayətini təmin etmədi.Və bu gün Mövlam Şıxəliyev hələ də dəmir barmaqlıqlar arxasındadır. 2015-ci ildə MTN ləğv olundu, onun yerində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradıldı. Bu, dövlətin köhnə sistemlə vidalaşma qərarı idi.

Amma MTN-dən qalan kölgələr, korrupsiya və qorxu mirası hələ də yaddaşlardan silinməyib. Nizami Şirinov və Mövlam Şıxəliyev dosyeləri həmin kölgələrin ən real xatırlatmasıdır.

Biri azadlıqda nəfəs alır, digəri hələ də dəmir qapılar arxasında saniyələri, dəqiqələri, saatları və günləri  sayır.

Bu iki ad indi tarixin eyni səhifəsindədir. Biri tövbənin, digəri təkəbbürün simvolu kimi yaddaşlara həkk olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib