Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
Əfqanıstanla Pakistanı ayıran Dürand xəttinin bir neçə sektorunda Pakistan əsgərləri ilə əfqan Taliban silahlıları arasında intensiv toqquşmalar davam edir.
Bu barədə yerli mənbələrə istinadən “Tolo news” portalı məlumat yayıb.
Portalın məlumatına görə, şiddətli toqquşmalar Talibanın bir neçə istiqamətdən Pakistan ordusunun sərhəd postlarına hücumundan sonra başlayıb.
Hər iki tərəf artilleriyadan istifadə edir, hərbi mövqeləri atəşə tutur.
Son məlumatlara görə, iki Pakistan əsgəri və beş Taliban silahlısı öldürülüb. Pakistan qırıcılarının da səmaya qaldırıldığı bildirilir.
Vəziyyət son dərəcə gərgin olaraq qalır.
Pakistan Əfqanıstanı Hindistanın maraqlarına xidmətdə ittiham edib.
General-leytenant Əhməd Şərif Çaudri qeyd edir ki, “Milli Fəaliyyət Planının icra olunmaması terrorizmin artmasının əsas səbəbidir. Əfqanıstan öz ərazisini qeyri-dövlət aktorları üçün sığınacağa çevirməməlidir. Hindistan Əfqanıstandan Pakistana qarşı terrorizm üçün əməliyyat bazası kimi istifadə edir”.
Son məlumatlara görə Əfqanıstan ordusu Pakistanın Lahor şəhərini atəşə tutub.