Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
Divarların o üzündə qalan nəfəs
Həbsdə olmamışam. Amma həbsxana həyatı yaşayan çox sayda dost və tanışın görüşünə getmişəm. O daş divarların arxasında nəfəs alan insanların baxışlarını çox görmüşəm. O baxışlar ki, illərlə günəşi, küləyi, səsini itirmiş baxışlardır. Həbsxana elə bir yerdir ki, orada dəmir qapılar yalnız bədəni bağlamır — insanın içindəki ümidin də qıfılını vurur.
Həbsdə olan dostlarla görüşəndə anlayıram ki, orada sənin gəlişin sadəcə bir ziyarət deyil — sənin simanda onlar azadlığı görürlər. Sənin danışığın, baxışın, hətta səssiz nəfəsin belə onlara işıq kimi gəlir. Onlar sənə elə baxırlar ki, sanki sən Prezident fərmanısan, sənin cümləndən azadlıq qoxusu gələcək, sanki sənin sözün onların həyatına bir parça günəş paylayacaq.
Onların ən böyük qorxusu — oradan pis xəbər almaqdır. Şəmşad çox pis xəbər aldı - qardaşının gül balası 18 yaşında vəfat etdi. O balanın sağlamlığı üçün hələ azadlıqda olan zaman Şəmşadın çırpıntılarını xatırlayıram. Şəksiz, həbsxanaya ölüm xəbəri gələndə divarların da nəfəsi kəsilir.
Bu gün Şəmşad Ağa dörd divar arasındadır. Onsuz da azadlıqda olarkən səhhətində yaranmış problemlər və həyatın ağır sınaqları ilə mübarizə aparırdı. İndi isə o qapalı divarların arasında, taleyin daha sərt zərbələri ilə üz-üzə qalıb.
Qardaşı balasının ölümündən sonra indi də məlum olub ki, Şəmşadın həyat yoldaşında da ciddi bir xəstəlik aşkarlanıb. İki azyaşlı övladları var, valideynlərdən biri həbsdə, o biri isə rəhimsiz xəstəliklə döyüşür.
Bəzən bir insanın taleyi millətin vicdan güzgüsünə çevrilir.
Bu, təkcə bir məhbusun hekayəsi deyil — bu, insanlığın və mərhəmətin sınağıdır.
Ümid edirəm ki, aidiyyatı səıahiyyətli şəxslər, tanınmış simalar, cəmiyyətin hörmətli ziyalılar bu məsələni diqqətdə saxlayaraq, Cənab Prezidentə çatdıracaqlar.
Şəmşad Ağanın üzləşdiyi bu ağrılı vəziyyəti, səhhətini və ailəsində baş verən faciələri nəzərə alaraq, onun azadlığı məsələsinə baxılması humanist və ədalətli bir addım olardı.
Cənab Prezidentin mərhəmətinə, dövlətimizin humanist simasına sığınaraq, bu insanın azadlığına bir yol açılsa, bu, təkcə bir şəxsin deyil, bir ailənin xilası olardı.