Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
Ramiz Mehdiyevin həbsi xəbəri fonunda sosial şəbəkələrdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının 1996-cı ildə Milli Məclisdə o dövrdə Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyevlə gərgin mübahisəsini əks etdirən arxiv görüntülər yayılıb.
Məlumatlara görə, bu qarşıdurmanın kökləri hələ 1994–1995-ci illərə gedib çıxır. Həmin dövrdə Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyev Mətbuat və İnformasiya Nazirliyinin fəaliyyətini bir neçə dəfə yoxlatdırmış, lakin istədiyi nəticəni ala bilməmişdi. Bundan sonra PA-nın mətbu orqanı olan “Xalq qəzeti” də daxil olmaqla bir sıra media qurumlarında o dövrdə mətbuat və informasiya naziri vəzifəsini icra edən Sabir Rüstəmxanlının əleyhinə məqsədli kampaniya başladılmışdı.
Sabir Rüstəmxanlı həmin hücumlara geniş və prinsipial şəkildə cavab vermiş, mətbuatda Ramiz Mehdiyevin adını açıq şəkildə çəkərək, bu kampaniyanın məhz onun tərəfindən idarə olunduğunu bəyan etmişdi. Ardınca, 1995-ci ildə o, nazir vəzifəsindən istefa verərək, parlament seçkilərində iştirak etmiş və xalqın etimadını qazanaraq deputat seçilmişdi. Lakin bu qarşıdurma bununla bitməmişdi. Ramiz Mehdiyev “köhnə rəqibini” siyasi müstəvidə susdurmaq niyyətinə düşmüş və Milli Məclisdə Sabir Rüstəmxanlıya qarşı sərt ittihamlarla çıxış etmişdi. Lakin Xalq şairi bu dəfə də susmamış, elə parlamentin iclas zalında Mehdiyevə kəskin və prinsipial cavab verərək, onun iddialarını yerindəcə darmadağın etmişdi.
Maraqlıdır, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı illər əvvəl siyasi müstəvidə kəskin qarşıdurma yaşadığı Ramiz Mehdiyevin həbsi xəbərini gözləyirdimi? Bu xəbər onu təəccübləndirdi, yoxsa gözlənilən sonluq kimi qarşıladı?
Məsələ ilə bağlı Sabir Rüstəmxanlı Musavat.com-a danışıb:
“Mən vaxtında Ramiz Mehdiyevə öz sözümü demişəm - həm Milli Məclisin iclasında, həm də daha sonra bu barədə iki səhifəlik geniş məqalə yazmışam və o yazı çap olunub. Onun kim olduğunu, mahiyyətini hamı çox yaxşı bilir. Amma indi onun həbsi məsələsi gündəmə gələndən sonra bu mövzuya qayıtmaq istəmirəm. Vaxtilə onun başı ətrafında fırlanan, yaltaqlıq edən adamlar indi ortaya çıxıb, onun əleyhinə danışırlar. Mən isə o vəzifədə olduğu vaxt sözümü açıq demişdim. Ona görə də indi onun haqqında danışmağı özümə yaraşdırmıram və bu mövzudan uzaq dururam”.
Xalidə GƏRAY
Musavat.com