Dərc edilib: 15-10-2025

https://www.nuh.az/43322-.html

Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov

15.10.2025 22:04:36

Günün sitatı

“Bütün Azərbaycan cəmiyyəti Ramiz Mehdiyev barəsində cinayət işinin açılmasını gözləyirdi. Nəhayət ki, haqq-ədalət öz yerini tapdı. Yəqin ki, bundan sonra məhkəmədə bu işlər araşdırılacaq və zəruri qərar veriləcək. Əlbəttə, mən heç kəsin ölümünü, pis gün görməsini arzulamazdım. Ancaq Ramiz Mehdiyev bu həyata sanki pislik etmək, insanları incitmək, əziyyət vermək və bundan sevinmək üçün gəlmişdi. İndi isə özünün başına bu iş gəldi. Gözləyək, görək arxası nə olacaq”.

Bunu Musavat.com-a sabiq təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov deyib.

O, Ramiz Mehdiyevi illər öncə tanıdığını bildirib:

“Mən hələ sovet vaxtı onunla bərabər işləmiş, yaxşı tanıyan insanlardan onun necə adam olmasını soruşmuşam. Mənə bildiriblər ki, Ramiz Mehdiyev qapısını bağlayıb, otağında bütün günü yüksək vəzifə sahibləri arasında nifaq salırdı, onlar haqqında pis xəbərlər yaydırırdı. Əli çatdığı hər adama pislik edirdi. Mən nazir olanda da, instituta gələndə də ona dəfələrlə sözümü demişəm. Mənə pislik edirdi, öz otağında alternativ Təhsil Nazirliyi yaratmışdı. Hər bir addımıma nəzarət edirdi. Ölkənin bütün vəzifəli adamları onun otağında olmalı idilər. Mənə kifayət qədər mane olurdu. Mən ona heç bir pislik etməmişdim, öz işimi görürdüm. Cənab prezidentlə görüşə gedirdim, deyirdi ki, gərək əvvəlcə mənim otağıma gəlib icazə alasan, sonra gedəsən görüşə. Sərbəst fikir söyləyən adamları xoşlamırdı, istəyirdi ki, hər kəs ondan asılı olsun. Buna görə də heç bir zaman məni xoşlamazdı. Təhsil komissiyası yaratmışdı, təhsil sahəsində atılan hər bir addım onun nəzarətində idi. İldə bir neçə dəfə mənim məruzələrim onun qarşısında olurdu. Axırda elə vəziyyət yarandı ki, dedim, “Ramiz Mehdiyev məgər bu ölkədə Təhsil Nazirliyindən başqa nazirlik yoxdurmu? Mən hər dəqiqə sənə hesabat verməliyəm?” Belə hallar çox olurdu.

Onun elmi məqalələrini özü yazmayıb, başqalarına yazdırırdı. Onun nə biliyi, nə bacarığı var idi. Çünki yalnız intriqa ilə məşğul idi. Bu gün vəzifə tutan adamlar arasında onun çoxsaylı adamları və ardıcılları var. Rəsmi olaraq elan edirdi ki, filan yerdə vəzifə boşdur, hökmən o vəzifəyə bu adam getməlidir. Həmin adam da ona xidmət etməli idi”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib