Dərc edilib: 20-10-2025

https://www.nuh.az/43354-.html

Bu gün Zəngilan Şəhər Günüdür

20.10.2025 02:36:53

Cəmiyyət

Bu gün Zəngilan Şəhər Günüdür. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizdə əbədi olaraq Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub.

Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Bu Sərəncam, işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirməyi, həmçinin gələcək nəsillərə milli qürur və qəhrəmanlıq örnəyi miras qoymağı hədəfləyir.

Xatırladaq ki, Zəngilan rayonu Ermənistan və ona dəstək verən dövlətlər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. İyirmi yeddi illik işğal dövründə rayonun bütün yaşayış məntəqələri dağıdılıb, zəngin təbii ehtiyatları talan edilib və xarici ölkələrə daşınıb. Bir vaxtlar Azərbaycanın dilbər guşələrindən olan Zəngilanın işğal günü kimi xatırlanan 29 oktyabr artıq geridə qalıb.

27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. İkinci Qarabağ müharibəsində Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Ordumuz aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 20-də Zəngilanı işğaldan azad etdi. 2020-ci il dekabrın 23-də isə Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaltdı.

Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Zəngilan şəhəri, eləcə də Mincivan, Ağbənd, Bartaz qəsəbələri işğaldan azad edildi. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev həmin tarixi günün sevincini xalqla bölüşərək demişdi:

“Zəngilan rayonu… Şanlı Azərbaycan Ordusu Zəngilan rayonuna daxil olub, yaşayış məntəqələrinin azad olunması təmin edilib. Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib! Zəngilan bizimdir! Qarabağ bizimdir! Düşmən acizdir. Qarabağ bizimdir! Yaşasın Azərbaycan!”

Vətən müharibəsinin bitimindən dərhal sonra Azərbaycan sürətli şəkildə ərazilərin bərpasına və yenidənqurulmasına başladı. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda bir sıra infrastruktur layihələri həyata keçirildi. Bunlardan ən önəmlisi, 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı həyata keçirilmiş Zəngilan Beynəlxalq Hava Limanıdır. Bu hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini təmin edən əsas amillərdəndir.

Bununla yanaşı, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam edir. 2021-ci il oktyabrın 26-da Prezident İlham Əliyev və Türkiyə Prezidenti bu layihənin təməlini qoymuş, bölgənin nəqliyyat və iqtisadi inkişafında əhəmiyyətli addım atılmışdır.

Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi də regionun müasir inkişafının nümunəsidir. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin birinci mərhələsini açaraq, kəndin həyat səviyyəsini yüksəltməyi və böyük qayıdış prosesini başlatdı. Ötən il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılması, Zəngilanın yenidən doğma sakinləri ilə canlanmasının rəmzi oldu.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il oktyabrın 30-da “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan”ı təsdiqlədi. Bu plan çərçivəsində şəhərdə müasir yaşayış kompleksləri, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri, mədəniyyət mərkəzləri və iqtisadi infrastruktur layihələri icra olunur. İnfrastruktur və şəhərsalma işlərinə böyük vəsait ayrılıb və şəhərin ilk sakinlərinin yaxın gələcəkdə doğma yuvalarına qayıtması gözlənilir.

Bu gün biz Zəngilanın azadlığını, rəşadətini və yeni həyatını qeyd edir, şəhərin hər bir guşəsində yüksələn tikililərlə və həyata keçirilən layihələrlə qürur duyuruq. Zəngilan həm tarixi qələbəmizin, həm də böyük quruculuq yolumuzun rəmzidir.

 

Xalidə Gəray
Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib