Cənab Prezident ! Mən Sizdən XAHİŞ etmirəm, TƏLƏB EDİRƏM !
Cənab Prezident ! Mən Sizdən XAHİŞ etmirəm, TƏLƏB EDİRƏM !
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazova
M Ü R A C İ Ə T
Cənab Prezident !
Mən yaşla bağlı təqaüddə olan adi bir yazı-pozu adamı, Azərbaycan Respublikasının vətəndaşı olaraq Sizə müraciət edirəm.
24 oktyabr 2025-ci il tarixdə saat 13:00 radələrində Yeni Suraxanı qəsəbəsində ailəmlə birgə yaşadığım həyət evindən çıxaraq şəhərə gedirdim.
Evimizə yaxın, yolun kənarındakı ARAZ marketdən 1 qutu VİKEROY siqareti alıb marketlə üzbəüz yolun kənarında ( burada avtobus dayanacağı olmur) dayanıb siqaretimi yandırdım. Və bu anda ( saat 13:35 ) marketin qarşısında qara rəngli iri avtomobil dayandı, maşından düşən polis mayoru sürətlə mənə yaxınlaşıb ad-familyamı, telefon nömrəmi soruşdu və dedi “ 300 manat cərimə, ya da 30 manat ver”.
Mən qəfil nə baş verdiyini heç cür anlaya bilmədim və dedim “Cənab mayor, özünüzü təqdim edin, axı nə üçün 30 manat verməliyəm ? ”.
Mayor mənə dedi ki, “Tez ol, siqaret çəkirsən, havaya tüstü buraxırsan, havanı korlayırsan “
Mən dedim “Cənab mayor, siqareti indicə yandırmışam, siqaret əlimdədir, məgər qanunda siqaret çəkmək qadağandır ?”
O isə mənə “Uzatma, qanunu bilmirsən, tez elə ya 300 manat cərimə, ya da 30 manat..”
Mən özümü toparlayaraq dedim:
Cənab mayor, mən bu barədə cənab naziriniz Vilayət Eyvazova şikayət edəcəm, bu dəqiqə DİN-in Qaynar xəttinə zəng edəcəm...
O isə “Kimə istəyirsən zəng elə, şikayət elə, paa, siqaretini o tərəfə pülə, tüstünü mənə vermə..”- dedi.
Mən artıq nə baş verdiyini anlamışdım və siqaretimi söndürüb kötüyünü əlimdəki qara çantanın cibinə qoydum və tam sərbəst şəkildə, arxayın-arxayın cibimdən telefonu çıxarıb dedim: “Bu dəqiqə sizin nazirliyə zəng edirəm”.
Məsələnin ciddiliyini başa düşən mayor “Lazım deyil..” deyib sürətlə gedib maşına oturdu və yanındakı polislə söhbət edə-edə mənə baxırdı və getmirdilər. Mən qara rəngli polis maşının nömrəsini ( 10 VE 108 ) qeyd edib oradan uzaqlaşdım, fikirləşdim ki, maşının nömrəsini qeyd etdiyim üçün onlar maşından düşüb məni şantaj edə bilərlər. Və şəhərə gəlib Nərimanovda parkda əyləşib çay içdim, çantamdakı siqaret kötüyünün şəkilini çəkib saxladım.
Cənab Prezident !
Mənim yaşadığım ərazi kənd tipli olduğu üçün qoyun otaran kim, inək saxlayan kim, yəni şəhərin mərkəzi deyil, qapalı yer deyil. Hətta şəhərin mərkəzi olsa belə, siqaret çəkmək qadağan deyil, siqaretin kötüyünü yerə atmaq qadağandır.
Cənab Prezident !
Mən neçə gündür əsəbiləşirəm, tərəddüd edirəm, müraciət edim-etməyim, buna ehtiyac varmı, yoxmu..?
Axı, vətəndaşla RƏİYYƏT kimi davranmaq, hədə-qorxu gəlmək, üstəlik PUL tələb etmək olmaz.
Digər tərəfdən mənimlə təhdid dilində danışan sıravi polis əməkdaşı olsaydı, bəlkə də Sizin qiymətli vaxtınızı almazdım. Bu CAVAN adam POLİS MAYORUDUR, yəqin Allah qoymasa, 5-6 ildən sonra GENERAL olacaq.
Cənab Prezident !
Mən Sizə yalvarmıram, xahiş etmirəm ki, mənim pozulmuş hüquqlarımı qoruyun, MƏN SİZDƏN TƏLƏB EDİRƏM !
Çünki mən 2024-cü ildə növbədənkənar Prezident seçkisində Sizə səs vermişəm ( Bakıxanov qəsəbəsi, Peşə Litseyinin binasında, prezidentliyə namizəd Fazil Mustafanın nümayəndəsinin yanında).
Onu da qeyd edim ki, əgər nazirlər də səsvermə ilə olsaydı, məmuniyyətlə Daxili İşlər Nazirimiz cənab Vilayət Eyvazova da səs verərdim.
Mənim vətəndaş prinsipim belədir:
SEÇKİDƏ MÜTLƏQ İŞTİRAK ET, SƏS VER və TƏLƏB ET !
Bəli, TƏLƏB ET ! ( Bu barədə mənim orta məktəbi təzə bitirən, seçki hüququ əldə edən və “İLK DƏFƏ SEÇKİDƏ İŞTİRAK EDƏN GƏNCLƏRƏ” XÜSUSİ MÜRACİƏTİM VAR.
Cənab Prezident !
Sonda qiymətli vaxtınızı alıb özüm barədə qısa məlumatı qeyd edim:
ADU-nun (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişəm,, Kapsukas adına VÜLNİS (Litva) Dövlət Universitetində Azərbaycanı təmsil etmişəm, Minsk Dövlət Universitetində “İqtisadi kibernetika” üzrə təhsil alımaş, Çernışevski adına Saratov Dövlət Universitetində “İqtisadi məsələlərdə riyazi modelləşmə” üzrə stajyor olmuşam, 3 dəfə rəsmi olaraq ( 2 dəfə Zəngilan-Qubadlı, 1 dəfə 9 saylı Binəqədi ) deputatlığa namizəd olmuşam və hazırda yaşımla bağlı təqaüddəyəm.
Əvvəlcədən təşəkkür edirəm.
Hörmətlə,
Azərbaycan Respublikasının vətəndaşı Məhərrəmov Kamran Knyaz oğlu
27 oktyabr 2025-ci il
Telefon: 077-583-19-94