Ermənistanda üç məktəbdə Azərbaycan dili tədris olunacaq
2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Panorama.am saytı Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə istinadən məlumat verib.
Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olaraq tətbiq ediləcək.
Vurğulanıb ki, regional dillər 2022-2023-cü tədris ilində erməni məktəblərində üçüncü xarici dil və ya dərsdənkənar fənn kimi tədris olunmağa başlanıb. O dövrdə proqram Ermənistandakı 33 məktəbdə mövcud olub: 13-ü fars dili, 13-ü türk dili, 4-ü Azərbaycan dili, 3-ü gürcü dili tədris edib.
Nazirlikdən əlavə edilib ki, məktəblər təsdiq edilmiş tədris planları və müəllimləri olduqda dil kurslarının tətbiqi barədə müstəqil qərar verirlər.