Ədalət Tahirzadənin Fazil Mustafaya CAVABI: Bu gün AĞIZLAŞMAĞIMIZIN...
Bu gün Fazil Mustafa Rauf Arifoğlunun "Yeni Müsavat" qəzetində gözünü yumub, ağzını açıb, haqqımda ən sərt ifadələr işlətməklə bir gün öncə onun tənqidinə feysbuk səhifəmdə verdiyim qərəzsiz cavaba öz qəzəbini ifadə edib.
Alimliyimə lağ edib, elmi əsərlərimin olmadığını bildirib, jurnalistlik bacarığımı özlüyündə aşağılayıb, ağlımın yarımlığını dilə gətirib, siyasətdən uzaq olmağımı şübhə altına alıb, "qaragüruh"a xoş gəlmək istədiyimə eyham vurub, məni əslində Elçibəy dönəminin keçmişində ilişib qalmaqda, Azərbaycanın yeniləşmə dönəmini görməməkdə və b., və s., və i., və q., və d., və o. ittiham edib. Özü bilər, Allahı bilər. Ona baş qoşmayacağam.
Fazil Mustafa, yaxşı tanıdığım iki nəfər dalaşırdı. Biri obirini belə qarğadı ki, sənin beş oğlunun beşi də bir taxtada yuyulsun. Obiri halını da pozmadan qayıtdı ki, sənin balalarını isə Allah saxlasın. İndi mən də o qarğanan adam kimi deyirəm ki, Allah səndən razı olsun. Allah sənə uzun ömür versin, çoxlu-çoxlu belə yazılar yazasan.
Bu gün ağızlaşmağımızın heç bir mənası yoxdur. Bilirsənmi niyə?Çünki aradan ən çoxu 30 il keçəndən sonra bizim gerçək dəyərimizi, kimin kim olduğunu MİLLƏT özü verəcək. Salamat qal. Mənə göndərəcəyin kitabı isə başqasına verərsən. Mənim başım qarışıqdır - araşdırmalarla məşğulam