Rusiyada gənc buryatlar kütləvi şəkildə qırğına göndərilir
Buryatiya bölgəsində son iki il ərzində 117 gənc Rusiya-Ukrayna müharibəsində həlak olub. Onların əksəriyyəti məktəb partasından qalxmadan orduya aparılıb.
Musavat.com bildirir ki, bu barədə “Free Buryatia Foundation” təşkilatının fəalı Valentina Bazarova məlumat verib.
Bazarovanın sözlərinə görə, yalnız 2025-ci ildə 10 yeni itki qeydə alınıb və siyahı hər ay uzanır. Ölənlərin çoxu 18–19 yaşlı gənclərdir. Onların arasında 18 yaşlı Nikita Nadmitov, Maksim Suvorov və Tsıvan Ayurjanaev kimi məktəbi təzə bitirmiş gənclər var. Bəziləri orduya çağırıldıqdan cəmi bir ay sonra həlak olub.
Rəsmi statistikaya əsasən, Buryatiya əhalisinin 0,38%-i müharibədə həyatını itirib - bu, Moskva ilə müqayisədə 38 dəfə çoxdur.
“Regionda təhsil səviyyəsi aşağıdır, gəncləri “Putinin döyüşən buryatları” kimi təşviq edirlər. Bəziləri dostlarına qoşularaq gedir. Bu, bir növ sosial təzyiqdir”, - deyə Bazarova bildirib.
Hüquq müdafiəçisi Artyom Klıqa isə vurğulayıb ki, gənc əsgərlər çox asanlıqla aldadılır və ya məcbur edilərək müqavilə imzalayırlar:
“Bəzən onlara yalan danışılır, bəzən də xidmət şəraiti dözülməz hala gətirilir”.