Burada qadınlar deyil, kişilər -gəlin- olur Fotolar
İndoneziyanın Qərbi Sumatra adasında yaşayan Minanqkabau icması 4,5 milyon nəfərlik əhalisi ilə dünyanın ən böyük ana hakimiyyətli (matriarxal) cəmiyyəti kimi tanınır.
“Qafqazinfo” xəbər verir ki, bu unikal toplumda kişilər arvadlarının evinə köçür, miras isə qadınlara çatır.
Əfsanəyə görə, Koto Batu krallığını quran Maharajo Dirajo XII əsrin ortalarında vəfat etdikdə, üç həyat yoldaşından üç oğlu var idi. Onun ilk arvadı Puti Indo Jalito uşaqların qayğısını və krallığın idarəsini öz üzərinə götürərək, Minanqkabau icmasında ana hakimiyyətinin əsasını qoyub.
Minanqkabaularda evlilik ənənələri tamamilə fərqlidir — burada “qız istəmək” adəti yoxdur. Qadınlar evlənmək üçün təklifi irəli sürür, kişilər isə “gəlin” olur. Onlar arvadlarının evinə köçür və ailə içərisində qonaq kimi qəbul edilirlər.
Kişilər və uşaqlar qadının soyadını daşıyır. Hətta arvadları tərəfindən evdən qovulan kişilər üçün adada xüsusi “sığınacaq otaqları” da mövcuddur.
Tarixən animist inanca sahib olan minanq xalqı təbiətə sitayiş edib. Daha sonra hinduizm və buddizmin təsiri altına düşüblər. Matriarxal mədəniyyətlərinə baxmayaraq, bu xalq sonradan İslam dinini də qəbul edib və öz adətləri ilə birləşdirib.
İslam ənənələrinə görə, gəlin ər evinə köçür, lakin Minanq icmasında bunun əksi baş verir — bəy gəlinin evinə köçür və onun ailəsi ilə birlikdə yaşayır.
Gəlinin qiyməti bəyin təhsilinə və peşəsinə əsasən, gəlinin ailəsi tərəfindən müəyyən edilir. Toy günü bəy evindən çıxarılaraq, gəlinin evinə gətirilir, burada İslam qaydalarına uyğun nikah bağlanır. Mərasim zamanı bəy ənənəvi musiqi və qarışıq cinsli rəqslərlə qarşılanır.
Minanqkabau adasında nəsil ana xətti ilə ötürülür. Bütün toy xərclərini qadın tərəfi qarşılayır. Qadınlar işləyib ailəni dolandırır, kişilər isə daha çox ev işləri və uşaqlara qayğı ilə məşğul olurlar.
Evlilik zamanı gəlin ailəsi ənənəvi geyimlər geyinərək başlarında pul, yemək və hədiyyələr daşıyır. Evləndikdən sonra Minanq qadınları sosial və iqtisadi imtiyazlara sahib olurlar.
Ailənin idarəsi və mülkiyyətin qorunması yaşlı qadınların əlindədir. Onlar torpaq sahibliyi, ailə münasibətləri və icma daxilində mübahisələrin həlli kimi məsələlərdə əsas söz sahibidirlər.





