Prezident qəbul keçirdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyətinə “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və idarə heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard daxildir.
Söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb.
Qonaqlar ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırıblar.
Qonaqlar Azərbaycan hökumətinin Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata almasına görə dövlət başçısına minnətdarlıqlarını bildirərək, bu kilsənin Bakı ofisinin açılışında iştirak edəcəklərini deyiblər və bunu ölkəmizdə bütün dinlərin nümayəndələrinə göstərilən qayğının təcəssümü kimi qiymətləndiriblər.
Görüşdə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərdən söhbət açılıb, bu istiqamətdə ölkəmizdə bir çox mühüm beynəlxalq tədbirin təşkil edildiyi vurğulanıb.
Tolerantlığın xalqımızın həyat tərzi olduğu bildirilib, tarixən ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi dinc və sülh şəraitində yaşadığı qeyd edilib.
