Dərc edilib: 06-12-2025

https://www.nuh.az/43742-.html

Ağdamda Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edildi - Fotolar

06.12.2025 23:47:51

Region

Bu gün Ağdam Muğam Mərkəzində Xalq artisti, mərhum xanəndə Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə baş tutan tədbirdə RİH başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, millət vəkilləri Aqil Abbas, Bəxtiyar Əliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, yazıçı Vaqif Bəhmənli, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, mərhum sənətkarın ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak edib.

Tədbirdə ilk öncə Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının və mərhum sənətkarın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Qədir Rüstəmovun həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər gənc yaşlarından Ağdamda mahir muğam ifaçıları mühitində yetkin xanəndə kimi formalaşan Qədir Rüstəmovun nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində az vaxt ərzində tanınaraq geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanmasından, onun çoxəsrlik parlaq keçmişə malik Azərbaycan musiqisində layiqli yer tutaraq milli mədəniyyətimizin inkişafına sanballı töhfələr verməsindən bəhs ediblər. 

Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının əməkdar artisti Firuz Səxavətin və tanınmış muğam ifaçılarının təqdimatında mərhum xanəndənin repertuarına aid xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilib.

Xalq artisti, mərhum xanəndə Qədir Rüstəmovun oğlu Mehdi Rüstəmov tədbirin sonunda çıxış edərək təşkilatçılara və tədbir iştirakçılarına ailə üzvləri adından minnətdarlığını ifadə edib.

 





NUH informasiya agentliyi səhifəsindən çap edilib