Dərc edilib: 07-12-2025

https://www.nuh.az/43743-.html

107 yaşlı Azərbaycan Parlamenti - müsəlman dünyasında ilk

07.12.2025 00:35:22

Mədəniyyət

Bu gün Azərbaycan Parlamentinin yaradılmasından 107 il ötür.

 

Musavat.com xəbər verir ki, 107  il  əvvəl – 1918-ci il dekabrın 7-də saat 13:25-də Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən Qız məktəbinin binasında Azərbaycan Cümhuriyyəti Parlamenti öz işinə başlayıb. Bu, Azərbaycan tarixində çox böyük təqdirəlayiq hadisə idi. Bununla Azərbaycan Cümhuriyyəti öz varlığını və demokratiya prinsiplərinə bağlılığını bütün dünyaya nümayiş etdirib. Azərbaycan Cümhuriyyəti Parlamentinin xalqımızın dövlətçilik, parlamentarizm və ictimai-siyasi fikir tarixində rolu əvəzsizdir.

24 min nəfər əhali üçün 1 nümayəndə prinsipi ilə Azərbaycan Cümhuriyyəti Parlamenti 120 üzvdən ibarət olub. Bununla belə, sayca azlıq təşkil etmələrinə baxmayaraq, Azərbaycan ərazisində yaşayan alman, yəhudi, gürcü və polyak əhalisinin də hərəsinə 1 nümayəndə seçmək və parlamentdə təmsil olunmaq hüququ verilib.

 

Parlament :: Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycan Parlamentinin ilk iclasında XX əsrin əvvəllərində Azərbaycan milli hərəkatında ən aparıcı fiqur olmaqla yanaşı, ümum-Rusiya müsəlmanları tərəfindən də lider kimi qəbul olunan görkəmli hüquqşünas, vətənpərvər ziyalı Əlimərdan Topçubaşov yekdilliklə parlamentin sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilib.

Azərbaycan Cümhuriyyəti Parlamentində 11 fraksiya və 11 komissiya fəaliyyət göstərib. 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək, fəaliyyət göstərdiyi 16 ay 20 gün və ya 506 gün ərzində Azərbaycan Parlamentinin 145 iclası çağırılıb. Yetərsay (kvorum) olmadığı üçün bu iclaslardan 15-i baş tutmayıb. Azərbaycan Parlamentinin 145 iclasından yerdə qalan 130 iclasının 2-si - 28 may və 15 sentyabr 1919-cu il tarixli iclasları tarixi - Azərbaycanın istiqlalının və Bakının azad edilməsinin birinci ildönümləri münasibətilə; 2-si təntənəli – 12 mart 1919 və 12 mart 1920-ci il tarixli iclaslar Böyük Rus İnqilabının 2-ci və 3-cü ildönümləri münasibətilə; 2-si - 27 iyun 1919-cu il Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlanması və 14 yanvar 1920-ci il Paris Sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə, 2-si isə fövqəladə iclas olaraq - 1918-ci il dekabrın 20-də Ermənistanın Gürcüstana müharibə elan etməsi və 1920-ci il martın 17-də Gürcüstanla Azərbaycan arasında bağlanmış iqtisadi əməkdaşlıq haqqında müqavilələrin təsdiqi münasibətilə keçirilmiş iclaslardır. Qalan 122 iclas isə işgüzar iclas olub, bu iclaslarda ölkənin daxili və xarici siyasəti, sosial, aqrar, iqtisadiyyat və maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu, mədəni quruculuq və digər məsələlər müzakirə olunub, müvafiq qərar və qanunlar qəbul olunub. Bu iclaslarda Parlamentin gündəliyinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan təxminən 230-u qəbul edilib. Qalanları da bir sıra düzəlişlər və əlavələr edilməsi üçün təkrar komissiyalara göndərilib və onların müzakirəsi komissiyalarda davam etdirilib. Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən 1920-ci ilin 27 aprelində süquta uğradılanda Azərbaycan parlamentinin də fəaliyyətinə son qoyulub. SSRİ dövründə parlamenti 360 üzvü olan Ali Sovet əvəz edib.

 

Parlamentinin tarixi - Azerbaijan.az

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra 1995-ci ilin 12 noyabrında ilk dəfə Milli Məclisə seçkilər keçirilib. Yeni konstitusiyaya görə Milli Məclis 125 deputatdan ibarət formalaşıb. Müstəqilliyin bərpasından sonrakı dönəmdə parlamentə Elmira Qafarova, Yaqub Məmmədov, İsa Qəmbər, Heydər Əliyev, Rəsul Quliyev, Murtuz Ələsgərov, Oqtay Əsədov sədrlik edib. Hazırda isə parlamentin sədri Sahibə Qafarovadır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib