O vaxt demişdim ki, Xalq Cəbhəsi KQB-nin oyunudur...
“Xalq Cəbhəsinin nə proqramında, nə Nizamnaməsində, nə də məfkurəsində “milli azadlıq” sözü yazılıb”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) keçmiş sədri Nemət Pənahlı Media Türk TV-yə qonaq olarkən deyib.
“Azərbaycan Xalq Cəbhəsini ilk yaradan adamlardanam. İdarə Heyətində iştirak etmişəm. Xalq Cəbhəsinin ilk Nizamnaməsi mənim əlimdədir. Nizamnamə proqramında aydın şəkildə yazılıb ki, Xalq Cəbhəsi yenidənqurmaya yardım məqsədilə yaradılmış ictimai təşkilatdır. Ümumiyyətlə azadlıqla bağlı bir cümlə yoxdur. Meydan hadisələri vaxtında Çənlibeldə Milli Azadlıq Hərəkatı başladı. Həmin dövrdə Milli Azadlıq Hərəkatını boğmaq məqsədilə KQB Moskvadan və “Pribaltika” üzərindən gəldi ki, guya, Xalq Cəbhəsi yaradılır. Mən də 1988-ci il Meydan hadisələri vaxtı bunu ifşa etdim. Meydanda mənim çıxışlarım var ki, Xalq Cəbhəsi xalqı aldatmaq məqsədilə yaradılan KQB -nin oyunudur. Bu oyuna getmək olmaz”, - deyə o bildirib.
“Bu adamları Azadlıq Meydanından xalq kütləvi şəkildə az qala döyüb qovdu. Xalq Cəbhəsini yaradan kimdir, bilirsiniz? İndi onu deyəndə Əbülfəz bəyi nəzərdə tuturuq. Amma bu ideyanı gətirən Zərdüşt Əlizadə, Araz Əlizadə, Leyla Yunus, Ələkrəm Hümbətovdur.
Biz dəqiq bilirdik ki, Xalq Cəbhəsinin yaradılmasında məqsəd Milli Azadlıq Hərəkatını boğmaq idi. Bunun üçün də biz cəmiyyəti aydınlatdıq. Onlar meydandan qovuldu. Bu hadisənin nəticəsi olaraq həbs edildim”, - N. Pənahlı əlavə edib.