Dərc edilib: 09-12-2025

https://www.nuh.az/43782-.html

SSRİ-nin sonu: 8 dekabr 1991 — tarixin qırılma nöqtəs

09.12.2025 21:06:26

LIVE

1991-ci il dekabrın 8-də Belarusun Belovej (Viskuli) iqamətgahında imzalanan tarixi sənəd — Belovej sazişləri Sovet İttifaqının hüquqi mövcudluğuna rəsmən son qoydu.

Musavat.com xəbər verir ki, bu tarix postsovet məkanının siyasi xəritəsini dəyişən və dünya tarixində dönüş nöqtəsi kimi qiymətləndirilən mühüm hadisə oldu.

Həmin gün Rusiya Federasiyasının rəhbəri Boris Yeltsin, Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviç və Ukrayna Prezidenti Leonid Kravçukun başçılıq etdiyi nümayəndə heyətləri SSRİ-nin ləğvini rəsmiləşdirən sənədə imza atdılar. Bununla da 70 il mövcud olmuş imperiya faktiki olaraq tarixin arxivinə qovuşdu.

Belovej sazişinə imza atan nümayəndələr:

  • Rusiya (RSFSR): Boris Yeltsin, Gennadiy Burbulis

  • Belarus (BSSR): Stanislav Şuşkeviç, Vyaçeslav Kebiş

  • Ukrayna: Leonid Kravçuk, Vitold Fokin

Tarixi araşdırmalar göstərir ki, SSRİ-nin taleyini həll edən bu razılaşma rəsmi iclasda deyil, bir gün əvvəl keçirilən qeyri-rəsmi şam yeməyi zamanı formalaşıb. Ertəsi gün isə sənəd rəsmiləşdirilərək imzalanıb.

Maraqlı faktlardan biri də odur ki, həmin gün Belarus KQB-sinin xüsusi təyinatlı dəstəsi meşə ərazisində tam döyüş hazırlığında gözləyirmiş. Məqsəd SSRİ rəhbərliyindən sazişi dayandırmaq və liderlərin həbsinə dair göstəriş veriləcəyi təqdirdə dərhal müdaxilə etmək imiş. Lakin bu cür əmr heç vaxt verilməyib.

Qeyd edilir ki, sazişin imzalanmasında Qazaxıstan rəhbəri Nursultan Nazarbayevin də iştirakı nəzərdə tutulurdu. O, Viskuliyə getmədiyi üçün sənəddə yer almadı. Bununla belə, 1991-ci il dekabrın 21-də Alma-Atada keçmiş sovet respublikalarının 11-i Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında bəyannamə imzaladı və SSRİ-ni əvəz edən yeni siyasi platforma formalaşdı.

Tarixin diqqətçəkən məqamlarından biri də odur ki, Belovej sazişi imzalandıqdan dərhal sonra Boris Yeltsin ilk olaraq ABŞ Prezidenti Corc Buşa zəng edərək sovet dövlətinin rəsmi şəkildə dağıldığını ona xəbər verib. Həmin vaxt Stanislav Şuşkeviç isə Mixail Qorbaçovun Kremlin geri zəngini gözləyirmiş.

Bu tarixi sənədə imza atan dövlət xadimlərinin əksəriyyəti artıq dünyasını dəyişib:

  • 2022-ci ilin mayı: Stanislav Şuşkeviç və Leonid Kravçuk

  • 2022-ci ilin iyunu: Gennadiy Burbulis

  • 2025-ci ilin martı: Vitold Fokin

Bu gün Belovej sazişləri təkcə SSRİ-nin sonu kimi deyil, həm də milyonlarla insanın taleyini dəyişdirən, yeni müstəqil dövlətlərin yaranmasına yol açan qlobal siyasi dönüş nöqtəsi kimi xatırlanır.


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib