Dərc edilib: 09-12-2025

https://www.nuh.az/43783-.html

Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?

09.12.2025 21:43:37

LIVE

Həsən bəy Zərdabinin abidəsinin müəllifi, Əməkdar heykəltaraş Elmira Hüseynovanın qızı, heykəltaraş Əsmər Nərimanbəyova İçərişəhərdə uzun illər dayanan abidənin köçürülməsi təklifinə etirazını bildirib.

Musavat.com bildirir ki, Əsmər Nərimanbəyova bunu anasına qarşı böyük hörmətsizlik adlandırıb.

O, sosial şəbəkədə qeyd edib:

“İçərişəhərdə on illərdir dayanan bir abidəni necə köçürmək olar? Bu, abidənin müəllifinə – anama, Azərbaycanın Əməkdar heykəltəraşı Elmira Hüseynovaya qarşı necə də böyük hörmətsizlikdir!

Dünyanın hər yerindəki abidələr şəhərləri bəzəyir; onların ətrafında və ya yaxınlığında restoranlar, ticarət obyektləri tikilə bilər. Bu, heç bir halda abidələrin dəyərini azaltmır.

Əgər bir şey sizi narahat edirsə, o restoranı diqqət mərkəzinizə alın və onu başqa yerə köçürün. Mövcud nizam pozulmamalıdır: bu abidə öz üslubu və kompozisiyası ilə İçərişəhərin tarixi mühiti ilə bağlıdır. Təəssüf doğurur ki, vəziyyəti başa düşənlərin sayı çox azdır...”

WhatsApp Image 2025-12-09 at 14.46.48 (1).jpeg (56 KB)


Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev dünən Milli Məclisdə çıxışı zamanı Həsən bəy Zərdabinin heykəlinin İçərişəhərdən köçürülməsini təklif edib.

Anar Rzayev qeyd edib:

“İçərişəhərdə Milli Ensiklopediyanın keçmiş binası yerləşir. İndi o binanın bir mərtəbəsi restoran edilib. Sözüm yoxdur. Amma orada Milli Ensiklopediya olanda, qarşısında haqlı olaraq Həsən bəy Zərdabinin heykəli qoyulmuşdu, çünki o, mətbuatımızın banisidir. İndi isə Həsən bəy Zərdabi sanki restoranın qapıçısı kimi görünür. Restorana girənlər baxır və soruşurlar: “Bu kimdir?””

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib