Dərc edilib: 17-12-2025

https://www.nuh.az/43851-.html

Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı

17.12.2025 12:32:25

Cəmiyyət

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb edilən və barəsində axtarış elan olunan Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb.


NUH.az   Gununsesi.info-ya istinadən xəbər verir ki, A. Abbasov bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gedib və İstanbulda qalırmış.

Abbas Abbasov Türkiyə hökumətinin onu Azərbaycana təhvil verəcəyini düşündüyündən bir neçə gün əvvəl Moskvaya uçub. Bildirilib ki, o, cinayət məsuliyyətinə cəlb olunacağını əvvəlcədən bildiyi üçün Türkiyəni təcili tərk edib.

Məsələ ilə bağlı Abbas Abbasovun oğlu, sabiq deputat Aydın Abbasov isə telefon zənglərini və mesajları cavabsız qoyub.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul olunub, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiyada yaşamağa başlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib