Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
Rusiya 500 PUA və “Kinjal” raketləri daxil olmaqla 40 raketlə Ukraynaya kütləvi hava hücumu həyata keçirib.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram” kanalında bildirib.
Zelenski bu dəfə hücumun əsas hədəfinin Kiyevin enerji və mülki infrastrukturu olduğunu qeyd edib.
“Hücumlar nəticəsində yaşayış binaları zədələnib, bir binanın dağıntıları altında insanlar axtarılır. Paytaxtın bəzi rayonlarında və ətraf ərazilərdə elektrik və istilik təminatı yoxdur. Hazırda yanğınların söndürülməsi və bərpa işləri davam etdirilir”, – o vurğulayıb.
“Rusiya nümayəndələri uzun danışıqlar aparır, amma həqiqətdə onların mesajını “Kinjal” raketləri və dronlar çatdırır. Bu, Putinin və onun ətrafının həqiqi münasibətidir. Onlar müharibəni bitirmək istəmir və Ukraynaya daha çox zərər vurmaq, həmçinin dünyada təzyiqlərini artırmaq üçün hər fürsətdən istifadə edirlər”.
Ukrayna lideri əlavə edib ki, belə hücumlara cavab yetərli təzyiq və güclü addımlarla mümkündür.