Bir insan ildə 78 kilo ət, 21 kilo balıq yeməlidir
"Bir adam ay ərzində 6 kilo yarım ət yeməlidir”.
Bu sözləri Qaynarifo-ya açıqlamasında iqtisadçı Vahid Məhərrəmli bir insanın aylıq ət normasından danışarkən deyib. O bir aylıq normanın 6,5 kilo olduğunu bildirib:
"Norma altı kilo yarımdır. Ola bilər, kimsə mal, qoyun, donuz əti yeyir, bəziləri isə daha çox toyuq əti. Ümumilikdə isə bir insan ildə hardasa 78 kilo ət yeməlidir. Bunu da aylara böləndə hardasa 6 kilo yarım edir. Bir insan il ərzində 21 kilo balıq yeməlidir”.

Vahid Məhərrəmli əhalinin normaya uyğun qidalanmadığını vurğulayıb:
"Əhalinin əksəriyyətində normaya uyğun qidalanmaq üçün yetərli maliyyə imkanı yoxdur. Azərbaycanda ət bahadır, özü də kalorili məhsuldur. İndi az sayda adamlar ət ala bilir”.
Xatırladaq ki, Əməkdar artist Sevinc Sarıyevanın ay ərzində 10 kiloqram ət yeməsi ilə bağlı açıqlaması böyük müzakirələrə səbəb olub. Xanəndə bildirib ki, iki nəfərlik ailə üçün hər ay 10 kiloqram ət alır. Sevinc Sarıyeva süfrələrində bununla yanaşı, balıq və xüsusi gətirilən kənd toyuğunun olduğunu bildirib. Əməkdar artistin bu açıqlaması sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. İzləyicilər bunun bəziləri üçün əlçatan olmadığını bildiriblər.