Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu, mühacirətdə yaşayan Rza Pəhləvi ölkədəki vəziyyətlə bağlı sərt və açıq çağırışla çıxış edib.
Musavat.com xəbər verir ki, Rza Pəhləvi İran İslam Respublikasını “tarixin sonuna yaxınlaşan rejim” kimi xarakterizə edərək, mövcud hakimiyyətin çökməsinin artıq zaman məsələsi olduğunu bildirib.
Onun sözlərinə görə, dərin iqtisadi böhran, sosial ədalətsizlik və sistemli repressiyalar molla rejimini çıxılmaz vəziyyətə salıb. Rza Pəhləvi qeyd edib ki, rejim bütün təzyiq mexanizmlərinə baxmayaraq, xalqın artan narazılığı qarşısında tab gətirə bilmir.
İran müxalifət lideri xalqa birbaşa müraciət edərək kütləvi etirazlara qoşulmağa çağırıb və vurğulayıb ki, iranlılar mövcud həyat şəraitinə və hakimiyyətin onlara münasibətinə layiq deyillər. Onun fikrincə, həm İran xalqının rifahı, həm də regionda uzunmüddətli sülh yalnız molla rejiminin dəyişməsi ilə mümkün ola bilər.
Rza Pəhləvinin çağırışından sitat:
“Molla rejimi artıq tarixin yaddaşına həkk olmağa yaxındır. Bütün repressiyalara baxmayaraq İranda rejimin çökməsi zaman məsələsidir. Bu gün iqtisadi böhran məngənəsində olan molla rejimi xalqın böyük təzyiqi ilə üz-üzədir. Mən xalqı meydanlara səsləyirəm. Siz bu yaşama, bu münasibətə layiq deyilsiniz. Regionda sülh üçün, sizin övladlarınızın rifah içərisində yaşaması üçün molla rejimi çevrilməlidir.”