Təbriz də ayağa qalxdı: Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi !
Dünən Güney Azərbaycanın ən böyük şəhərlərindən biri olan Təbrizdə kütləvi etiraz aksiyası keçirilib.
Musavat.com xəbər verir ki, şəhərin müxtəlif ərazilərində toplaşan yüzlərlə, bəzi məlumatlara görə isə minlərlə sakin mövcud vəziyyətə etiraz edərək küçələrə çıxıb.
Aksiya zamanı etirazçılar sosial, siyasi və milli narazılıqlarını açıq şəkildə ifadə ediblər. Nümayişçilər tərəfindən “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!” şüarları səsləndirilib. Bu şüarlar aksiyanın təkcə sosial-iqtisadi deyil, eyni zamanda milli və siyasi məzmun daşıdığını göstərib.
Sosial şəbəkələrdə yayılan video və fotomateriallarda aksiyanın geniş miqyas aldığı, şəhərin müxtəlif nöqtələrində insanların bir araya gəldiyi görünür. Kadrlarda etirazçıların ardıcıl şəkildə şüarlar səsləndirdiyi, bəzi ərazilərdə isə təhlükəsizlik qüvvələrinin hərəkətə keçdiyi diqqət çəkir. Lakin rəsmi Tehran tərəfindən aksiyanın miqyası və mümkün saxlanmalarla bağlı hələlik açıqlama verilməyib.
Müşahidəçilər bildirirlər ki, Təbrizdə baş verən bu aksiya İranda son günlərdə müxtəlif şəhərləri əhatə edən etiraz dalğasının tərkib hissəsidir. Xüsusilə Güney Azərbaycanda milli kimlik, sosial ədalətsizlik və mərkəzi hakimiyyətin siyasətinə qarşı narazılıqların daha açıq formada səsləndirilməsi son dövrlərdə diqqətçəkən tendensiyaya çevrilib.
Qeyd edək ki, son günlər İranın bir sıra şəhərlərində, o cümlədən Tehran, Məşhəd, İsfahan və Təbrizdə etiraz aksiyaları qeydə alınıb. Etirazların fonunda hakimiyyətin təhlükəsizlik tədbirlərini sərtləşdirdiyi, bəzi bölgələrdə isə internet və rabitə məhdudiyyətlərinə əl atıldığı bildirilir.
Təbrizdəki son aksiya Güney Azərbaycanda ictimai-siyasi gərginliyin artmaqda olduğunu və proseslərin yeni mərhələyə keçə biləcəyini göstərən ciddi siqnal kimi qiymətləndirilir.