İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
“İlhamənin məndə ancaq diplomatik pasportu qalıb. Qalan bütün əşyalarını ögey bacıları və oğulluğu Orxan mənimsədi”.
Bunu Musavat.com-a açıqlamasında mərhum Xalq artisti İlhamə Quliyevanın qohumu, müğənni Əli Mirəliyev deyib.
Onun sözlərinə görə, mərhum sənətçinin hüquqi varisləri bacıları İradə və Gülbahardır.
Əli Mirəliyev bildirib ki, İlhamə Quliyeva xarici pasportunu ona etibar edib:
“Deyirdi ki, bacılarıma versəm, itirəcəklər. Onun bütün mülkləri bacılarına qaldı. Halbuki sağlığında araları heç də yaxşı deyildi. Sadəcə soyadları eyni olduğu üçün məhkəmə hər şeyi onlara verdi. Gördüm ki, Orxanın anası, xalası – hamısı mülk üstündə bir-birini didməyə hazırdır. Ona görə də onlardan uzaqlaşdım. Dedim, qoy başım dinc olsun”.
Müğənni qeyd edib ki, İlhamə Quliyevanın ağır xəstəlik dövründə ona əsasən öz ailəsi baxıb:
“Mənim qızım 15 il İlhaməyə qulluq edib. İlhamə xəstə idi, qızım olmasaydı, çox tez dünyasını dəyişərdi. Mən də, qızım da onun bütün qayğısına qalırdıq. İlhamə vəfat edəndən sonra isə bacıları birdən-birə ortaya çıxdılar. Bəs bu illər ərzində harada idilər?”
Əli Mirəliyev İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın da vaxtı ilə haqsız yerə həbs edildiyini deyib:
“Mehribanı Orxangil şərləyib həbs etdirmişdilər. Günahsız ola-ola bir ildən çox həbsdə yatdı. Əsl günahkarlar isə İlhamənin ətrafında rahat dolaşırdılar. İndi Orxanın nə ölüsü var, nə dirisi. İki ildir ki, anasının gözünün yaşı qurumur”.

O, İlhamə Quliyevanın Orxanı rəsmi olaraq oğulluğa götürmədiyini də vurğulayıb:
“Orxan İlhamənin xalasının nəvəsi idi. İlhamə deyirdi ki, mənim malım əsgərlərə, kimsəsizlərə qalacaq. Ona heç bir pay ayırmamışdı. Amma nəticədə hər şey bacılarına qaldı”.
Əli Mirəliyev bildirib ki, İlhamə Quliyeva çətin anlarında daim onun və qızının yanına üz tutub:
“Dərdi olan kimi bizə gəlirdi, xəstəxanaya aparırdıq. Orxan isə bir müddət baxdı, sonra qaçdı. Gedib sabiq deputat Elmira Axundovanın oğluna qoşuldu. Sonra deputatları və başqa adamları aldadıb pul atdılar. Mənə görə, İlhaməni məhz Orxanın əməlləri öldürdü”.
Xatırladaq ki, Xalq artisti İlhamə Quliyevanın vəfatından sonra onun oğulluğu Orxan Nadirov, bacıları və yaxın qohumları arasında varislik və mirasla bağlı ciddi qalmaqal yaşanmışdı.
Şahanə Rəhimli