Dərc edilib: 22-01-2026

https://www.nuh.az/44014-.html

Rəşid Behbudovun qızı...RƏDD ETDİ

22.01.2026 22:18:15

LIVE

Yazıçı Şərif Ağayar sosial şəbəkələrdə geniş rezonans doğurmuş paylaşımından sonra Xalq artisti Rəşid Behbudovun ailəsindən və onu sevənlərdən üzr istəyib. Paylaşımda işlədilən bəzi ifadələr ictimaiyyətdə narazılıq doğurmuş, məsələ uzun müddət müzakirə mövzusu olaraq gündəmdə qalmışdı.

Musavat.com xatırladır ki, Şərif Ağayarın yazısında muğamla və Rəşid Behbudovun sənəti ilə bağlı səsləndirdiyi fikirlər sərt reaksiyalara səbəb olmuş, sənətkarın ailə üzvləri, yaxınları və çox sayda pərəstişkarları tərəfindən qınanmışdı. Rəşid Behbudovun kürəkəni Kamil Şahverdi də məsələ ilə bağlı kəskin mövqeyini bildirmişdi.

Yaranmış ictimai reaksiyalardan sonra Şərif Ağayar mövqeyinə aydınlıq gətirərək üzrxahlıq mətni yayımlayıb. Yazıçı bildirib ki, qalmaqallı statusunda məqsədi heç vaxt Rəşid Behbudovu və ya onun sənətini aşağılamaq olmayıb:

“Məlum qalmaqallı statusumda heç də məqsədim xalq artisti Rəşid Behbudovu aşağılamaq olmayıb. Mən yumşaq kişi səslərinin toyxanaları başına götürməsindən yazmışdım. Rəşid müəllimlə bağlı sadəcə xırda bir nüans, hətta bir ifadə vardı, o isə müğənninin özünə yox, səsinə aid idi. Düzü, fikirlərimin bu qədər geniş rəy doğuracağını, ailəsini, müğənninin yaxınlarını və onu sevənləri bu qədər narahat edəcəyini düşünmürdüm. Mən insanları heç vaxt incitmək istəmirəm. Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm. Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün Rəşidsevərlərdən üzr istəyirəm. Xatırladım ki, Rəşid Behbudova sənətkar kimi lap gəncliyimdən yüksək qiymət vermiş və haqqında dəfələrlə müsbət yazılar, xoş fikirlər yazmışam. Ümid edirəm, indən belə inciklik və narahatlıq aradan qalxar, mənim də vicdanım rahat olar”.

Şərif Ağayar Musavat.com-a açıqlamasında mövqeyini bir daha təsdiqləyib:

“Mən Rəşid Behbudovun ailəsini hər zaman bütün davalarda müdafiə etmişəm. Əlavə şərhə də ehtiyac yoxdur. Nə lazımdırsa, sosial şəbəkə hesabımda yazmışam”.

Bununla yanaşı, Rəşid Behbudovun qızı Rəşidə Rəşid Musavat.com-a açıqlamasında yazıçının üzrünü qəbul etmədiyini bildirib və sərt mövqe nümayiş etdirib:

“Açığını deyim, yalan danışdığı üçün onu bağışlamıram. Bu, ürəkdən deyil. Mən həmişə həqiqət uğrunda mübarizə aparmışam və indi başa düşürəm ki, o, ilk çirkli əsərlərini atam və muğamımızın qaranlıq ruhundan təhqir olunması haqqında yazıb. Buna görə də onun üzrləri yalandır. Və mən şəxsən onları qəbul etmirəm. Qalanına Azərbaycan ictimaiyyəti qərar versin”.

Mövzu ilə bağlı korifey sənətkarın kürəkəni Kamil Şahverdi isə Musavat.com-a açıqlamasında daha təmkinli mövqe sərgiləyib. Onun sözlərinə görə, səhvini anlayıb üzr istəyən insanın bu addımı müsbət qiymətləndirilə bilər:

“İnsan səhvini başa düşürsə, üzr istəyirsə, əlbəttə istənilən üzr qəbul oluna bilər. Amma Rəşidə xanım emosional vəziyyətdədir, düşünürəm ki, bu da keçər. Hər halda o bunu başa düşübsə, bu müsbət bir addımdır. Bəzən olur insan müxtəlif situasiyalarda hansı səbəbdənsə yazıb. Sözün açığı, Rəşid müəllimlə bağlı yazılan öz yerində, bizim muğamı aşağılamağını ona yaraşdırmadım. Mən də birinci yazımda emosiyalarımı boğa bilməmişdim. Müəyyən ifadələr işlətmişdim. Amma sonra başa düşdüm ki, belə olmaz. İkinci yazıda düşündüm ki, başqa cür təsir etmək lazımdır. İnsanları məlumatlandırmaq lazımdır ki, bəlkə bir çox şeyləri bilmir, bir çox məlumatlardan xəbəri yoxdur ki, muğam min ildir necə formalaşıb, fəlsəfəsi nədir. Milli sərvət haqqında belə təhqiredici formada danışmaq olmaz. Başa düşməmək olar, amma təhqir etmək olmaz. Ümumiyyətlə isə müsbət bir addımdır”.

Kamil Şahverdi son illərin mənfi tendensiyası olan korifey sənətkarlar, yazıçı və şairlər haqqında aşağılayıcı fikirlərin səsləndirilməsinə də münasibət bildirib:

“Bəli, görkəmli bir insanın, böyük bir şəxsiyyətin adını hallandırmaqla ortaya gəlmək – bu insanlar üçün əsas odur ki, danışsınlar. Gənclərlə bağlı bu, həqiqətən də acınacaqlı məsələdir. Əslində bu bütün tarixlərdə, əksər ölkələrdə olub. Bir nəslin digərini qəbul etməməsi problemi var. Amma bizdə bu həddini aşır, daha qabarıq, kəskin şəkildə, bağışlanmaz səviyyədə olur. Bu doğru deyil. Düşünürəm ki, gənclər arasında maarifləndirmə işinin zəif aparılması, onların düşüncələrinin formalaşdırılmasında müəyyən səhvlər buraxılır. Bir nəslin digərini qəbul etməməsi normal inkişaf prosesidir, amma bu proses təhqirdən keçirsə, qəbuledilməzdir”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib