Dərc edilib: 01-02-2026

https://www.nuh.az/44074-.html

Ağdərili cütlüyün qaradərili körpəsi doğuldu: Bu necə baş verib?

01.02.2026 13:26:21

LIVE

ABŞ-ın Florida ştatında süni mayalanma müalicəsindən sonra qaradərili körpə dünyaya gətirən ağdərili cütlük müalicə aldıqları klinikanı məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, Tiffani Skor və Stiven Mills cütlüyü beş il əvvəl Orlando Reproduksiya Mərkəzi adlı klinikada süni mayalanma müalicəsi alıb. Skor və Mills cütlüyü süni mayalanma yolu ilə əldə olunan embrionların dondurulmasına qərar verib. 
Keçən ilin aprel ayında həmin embrionlardan biri ana namizədinin uşaqlığına yerləşdirilib və hamiləlik başlayıb. Doqquz ay sonra qaradərili bir körpəni qucağına alan cütlük klinikanın şokedici bir səhvə yol verdiyini anlayıb.
Aparılan genetik testdən sonra körpənin cütlüyün bioloji övladı olmadığı məlum olub. Cütlüyün vəkili məsələ ilə bağlı açıqlamasında bildirib: 
"Onlar uşağa aşiq olublar. Uşağı böyütmək istəyirlər. Lakin gələcəkdə kimsə ortaya çıxıb körpəni əllərindən alarmı-almazmı, bunu bilmək istəyirlər".
Skor və Mills klinikada dondurduqları üç mayalanmış embriondan birinin səhvən başqa bir şəxsə köçürülmüş ola biləcəyindən də narahatdır. Cütlük həmçinin klinikanın son beş il ərzində göstərdiyi xidmətlər nəticəsində dünyaya gələn hər bir uşağın genetik test xərclərini üzərinə götürməsini tələb edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib