Dərc edilib: 03-02-2026

https://www.nuh.az/44086-.html

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?

03.02.2026 13:46:48

Cəmiyyət

Avro-Asiya İnşaat Kooperasiyası "Evrascon" Açıq Səhmdar Cəmiyyətinin (ASC) vergi borcu daha da artıb. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şirkətin vergi borcu hazırda 6 718 407,21 manat təşkil edir. 
Təxminən 1 ay əvvəl borcun məbləği 3 646 883,55 manat idi.
"Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC 15 avqust 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377 290 manatdır. Şirkətin qanuni təmsilçisi Həmzər İsmiyev İsmayıl-Əfəndiyeviçdir. Lakin o, ASC-nin sahibi deyil.
"Evrascon" ASC-nin sahibi kimi daha çox baş nazirin keçmiş müavini Abid Şərifov tanınır. Bu barədə mediada kifayət qədər məlumat yer alıb. Abid Şərifov isə özü mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirib. Lakin onun bu açıqlaması səmimi qəbul olunmayıb. Çünki "Evrascon" ASC "Azərkörpü" ASC-nin bazasında yaradılıb. Bu ASC-nin isə Abid Şərifova bağlı olduğu sirr deyil. 
"Evrascon" ASC-nin səhmlərinin 22 920 ədədi Abid Şərifovun xanımına məxsusdur. Bu barədə mediada gedən araşdırma materiallarında qeyd edilib. 
Başqa bir fakt isə "Evrascon" ASC-nin əvvəllər yerləşdiyi hüquqi ünvanla bağlıdır. Məlumatlara görə, şirkət əvvəllər Şərifovlarla eyni ünvanda - Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73-də qeydiyyatda olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib