Dərc edilib: 03-02-2026

https://www.nuh.az/44092-.html

Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi

03.02.2026 21:57:11

Siyasət

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.

Musavat.com xəbər verir ki, sənəd Yerusəlimdə İsrailin Milli Süni İntellekt Direktorluğunun rəhbəri, ehtiyatda olan general Erez Eskel və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə imzalanıb.

Baş nazirin ofisinin açıqlamasında qeyd olunub ki, tərəflər süni intellekt vasitəsilə mövcud əməkdaşlığı və müttəfiqliyi daha da dərinləşdirməyi planlaşdırır.

Bildirilib ki, tərəfdaşlıq superkompüter infrastrukturu, süni intellektin mülki əhəmiyyətli sahələrdə tətbiqi, insan kapitalının inkişafı və birgə elmi tədqiqatlar istiqamətlərini əhatə edəcək.

Netanyahu tədbirdəki çıxışında bu sahədə qabaqcıl mövqedə olmağın vacibliyini vurğulayıb və birgə əməkdaşlığın daha geniş imkanlar açacağını bildirib.

Eyni zamanda İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə Qüdsə rəsmi səfər üçün dəvət göndərib. Musavat.com xəbər verir ki, Netanyahu Prezident Əliyevin İsraildə çox isti şəkildə qarşılanacağını qeyd edib.

Baş nazir ənənəvi ifadəyə istinad edərək deyib: “Biz həmişə deyirik: ‘Gələn il Qüdsdə’. Ona deyin: ‘Bu il Qüdsdə’. Qoy gəlsin və bizi ziyarət etsin”.

Memorandumun şərtlərinə əsasən, tərəflər yüksək məhsuldarlıqlı hesablama sistemləri, kritik sahələrdə süni intellektin tətbiqi, mütəxəssis hazırlığı və birgə elmi tədqiqatlar üzrə əməkdaşlığı genişləndirməyi planlaşdırır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib