Dərc edilib: 06-02-2026

https://www.nuh.az/44112-.html

Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı

06.02.2026 08:45:53

LIVE

Avstraliyanın Kvinslend ştatında genişmiqyaslı uşaq istismarı qalmaqalı üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, yerli polis Meriboro şəhərində yaşayan 27 yaşlı İtan Börnz-Dedərerin uşaq istismarı ilə bağlı ümumilikdə 596 ittihamla üz-üzə olduğunu açıqlayıb.

Qeyd edilib ki, hadisə ABŞ-də milyarder Ceffri Epşteynlə bağlı qalmaqalı xatırladan miqyası ilə diqqət çəkir.

Kvinslend Polisi şübhəlinin uzun illər ərzində həm Avstraliyada, həm də xarici ölkələrdə yaşayan uşaqları hədəf aldığını bildirib.

İstintaq zamanı İtan Börnz-Dedərerin elektron cihazlarından təxminən 23 min uşaq istismarı məzmunu aşkarlanıb. Polis onun sosial media və onlayn oyun platformaları vasitəsilə uşaqlarla əlaqə qurduğunu, onları cinsi xarakterli foto və videolar göndərməyə məcbur etdiyini iddia edir.

Şübhəliyə qarşı irəli sürülən ittihamlar arasında uşaq istismarı materiallarının hazırlanması ilə bağlı 244, 16 yaşdan kiçik uşaqları əldə etmək məqsədilə rabitə və nəqliyyat xidmətlərindən istifadə etməklə bağlı 163, uşaqlarla onlayn cinsi ünsiyyət qurmaqla bağlı 87 maddə yer alır.

Kvinslend Polis Rəisi Denzil Klark bildirib ki, istintaq milli və beynəlxalq qurumlarla birgə aparılır. Onun sözlərinə görə, Börnz-Dedərerin, əsasən, 5-15 yaş arası oğlanları hədəf aldığı, indiyədək 15 ölkədə 360 qurbanın müəyyən edildiyi ehtimal olunur.

Zorakılıq hallarının 2018-2025-ci illər arasında baş verdiyi güman edilir. Şübhəli həbs edilib və yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib