Dərc edilib: 16-02-2026

https://www.nuh.az/44171-.html

Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir

16.02.2026 15:54:29

İdman

Həbsdə olan sabiq MTN generalı Mövlam Şıxəliyev illərdir dəmir barmaqlıqlar arxasındadır. Amma zərərçəkmişlərin iddiasına görə, onun qurduğu “ailə qalası” hələ də ayaqdadır – həm ölkə daxilində, həm də ölkə xaricində olan aktivlərin faktiki idarəçiliyi həyat yoldaşı Aybəniz Şıxəliyeva tərəfindən həyata keçirilir.

Mənbələrin Musavat.com-a bildirdiyinə görə, generalın azadlıqdan məhrum edilməsindən sonra ailəyə məxsus daşınmaz əmlaklar, biznes maraqları və digər aktivlər üzərində nəzarət məhz onun həyat yoldaşının əlində cəmləşib. Zərərçəkmişlər isə hesab edirlər ki, bu idarəetmə sadəcə ailədaxili məsələ deyil – bu, 20 milyonluq ittihamın maliyyə izlərinin qorunub saxlanılması və mümkün müsadirənin qarşısının alınması strategiyasıdır.

Hazırda Səbail Rayon Məhkəməsində baxılan mülki iddia da məhz bu fonda xüsusi əhəmiyyət kəsb edir. Çünki söhbət təkcə mənzillərin, villaların və bahalı avtomobilin taleyindən getmir – söhbət cinayət yolu ilə əldə edildiyi iddia olunan vəsaitlərin kim tərəfindən və necə qorunmasından gedir.

Əgər məhkəmə bağışlama müqavilələrini etibarsız sayarsa, bu, təkcə hüquqi sənədlərin ləğvi olmayacaq. Bu, “ailə qalası”nın divarlarına vurulan ilk ciddi zərbə olacaq. Əks halda isə həbsdə olan generalın sərvəti formal olaraq ailə üzvlərinin üzərində qalacaq və zərərçəkmişlərin ədalət gözləntisi yenə yarımçıq qalacaq.

Bu proses artıq bir ailənin əmlak mübahisəsi çərçivəsindən çıxıb. Bu, MTN işinin kölgədə qalan maliyyə xəritəsinin açılıb-açılmayacağının sınağıdır.
Sabah, fevralın 16-da
Səbail Rayon Məhkəməsində Mövlam Şıxəliyevin mülklərinin tam olaraq müsadirəsi tələbi ilə proses keçiriləcək. İddiaçı Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı kimi tanınan Nizami Kazımovdur. Zərərçəkmiş məhkəməyə müraciət edərək göstərilən əmlakların Mövlam Şıxəliyevə məxsus olduğunu və həmin əmlaklar üzərində onun bütöv mülkiyyət hüququnun tanınmasını tələb edir.

Söhbət aşağıdakı aktivlərdən gedir:

“BMW M6” markalı, 90-MY-900 dövlət qeydiyyat nişanlı avtomobil; Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən əmlak kompleksi; Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 7 saylı binada yerləşən 35, 36 və 40 nömrəli mənzillər; Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39A ünvanında yerləşən daşınmaz əmlakın 1/2 hissəsi. Məhkəmə ilkin mərhələdə iddianı icraata qəbul edib. Lakin iş bununla yekunlaşmayıb.

“Bağışlama” pərdəsi altında gizlədilən mülklər?

İddia ərizəsinə verilmiş son dəqiqləşməyə əsasən, tərəf yalnız mülkiyyət hüququnun tanınmasını deyil, həm də 2018-ci ildə bağlanmış iki bağışlama müqaviləsinin və 2022-ci ildə bağlanmış “müqavilənin ləğvi” sənədinin etibarsız hesab edilməsini istəyir. Belə ki, 22 dekabr 2018-ci il tarixdə Ağabala Mirbəkir oğlu Şıxıyev tərəfindən Aybəniz Qinyaz qızı Şıxəliyevaya bağışlanmış mənzillərlə bağlı müqavilə; 20 dekabr 2018-ci il tarixdə Məlahət Qinyaz qızı Fərzəliyeva tərəfindən Aybəniz Qinyaz qızı Şıxəliyevaya bağışlanmış əmlakla bağlı müqavilə; 21 iyul 2022-ci il tarixdə tərəflər arasında bağlanmış “müqavilənin ləğvi” sənədi. İddiaçı tərəf bütün bu hüquqi əməliyyatların etibarsız hesab edilməsini tələb edir. Maraqlıdır ki, ilkin iddiadan fərqli olaraq, son dəqiqləşmədə bağışlama müqavilələrinin digər tərəflərinin də cavabdeh qismində işə cəlb olunması xahiş edilir. Bu isə işin həm hüquqi, həm də faktoloji baxımdan daha mürəkkəb xarakter aldığını göstərir. Əgər məhkəmə bağışlama müqavilələrini etibarsız hesab edərsə, həmin müqavilələr əsasında yaranmış mülkiyyət hüquqları hüquqi qüvvəsini itirə bilər. Bu isə əmlakların əvvəlki hüquqi vəziyyətinə qaytarılması məsələsini gündəmə gətirəcək. Yəni əmlaklar tam olaraq Mövlam Şıxəliyevin sahibliyinə qaytarıla və nəticə etibarilə müsadirə edilərək hərrac yolu ilə satıla, əldə olunan vəsait isə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinə yönəldilə bilər.
Xatırladaq ki, Mövlam Şıxəliyev, eləcə də MTN-in İstintaq İdarəsinin şöbə rəisləri Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərov 2021-ci ildə həbs olunublar. Onlara qarşı irəli sürülən ittihamlardan biri mütəşəkkil cinayətkar dəstə yaratmaqla iş adamlarına və sahibkarlara qarşı cinayət əməlləri törətmək olub. İstintaqın qənaətinə görə, general Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstədə 3 polkovnik rütbəli şöbə rəisi fəaliyyət göstərib. Onlar dövlətin gücündən istifadə etməklə 36 Azərbaycan vətəndaşından ümumilikdə 20 milyon manata yaxın rüşvət və əmlak əldə ediblər.

Mülk kimindir - adı üstündə olanın, yoxsa pulu verənin?

Mövlam Şıxəliyevin həbsindən sonra onun və ailə üzvlərinin əmlakları üzərinə həbs qoyulmuşdu. Zərərçəkənlər əmlakların alınması üçün sərf olunan vəsaitləri Mövlam Şıxəliyevin cinayət yolu ilə əldə etdiyini, həmin vəsaitləri leqallaşdırmaq və iz azdırmaq üçün əmlakları ailə üzvlərinin adına rəsmiləşdirildiyini iddia edirlər.

Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi – 482 min manat; Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198,1 kv.m sahəsi olan daşınmaz əmlak – 770 min 609 manat; Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan zirzəmi – 35 min 500 manat; Nizami rayonu, Qara Qarayev prospekti, 39A ünvanında yerləşən daşınmaz əmlak – 974 min 600 manat; Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlak – 214 min manat; Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak – 31 min 500 manat; Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlak – 39 min 528 manat.

Aybəniz Şıxəliyevanın adına olan əmlaklar

Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7A ünvanında yerləşən daşınmaz əmlak – 26 min 240 manat; Ağdaş şəhəri, H. Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m sahəsi olan əmlak – 17 min manat; Binəqədi rayonu, Novxanı kəndi, 686K ünvanında yerləşən daşınmaz əmlak – 37 min 600 manat; Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak – 400 min manat; Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 134A ünvanında yerləşən 403,3 kv.m sahəsi olan daşınmaz əmlak – 1 milyon 452 min manat; Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137,7 kv.m sahəsi olan daşınmaz əmlak – 535 min 653 manat; Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137,7 kv.m sahəsi olan daşınmaz əmlak – 738 min 711 manat.

Digər ailə üzvlərinin adına olan əmlaklar

Qızı Samirə Əliyevanın adına:

Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 – 167,3 kv.m, 650 min 719 manat; Binəqədi rayonu, Novxanı kəndi, 686 ünvanı – 214,3 kv.m, 257 min 172 manat; Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanı – 1087,7 kv.m, 1 milyon 305 min 240 manat.

Oğlu Elgün Şıxəliyevin adına:

Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 – 360 min manat; Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlak – 714 min 985 manat.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev və dəstə üzvləri Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə təqsirli biliniblər.

Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Əliyev 11 il 2 ay, Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmlə Mövlam Şıxəliyevin əmlakları müsadirə edilsə də, həyat yoldaşı Aybəniz Şıxəliyevanın və övladlarının əmlakları özlərinə qaytarılıb. Zərərçəkmişlər hökmün müsadirə hissəsinin ədalətsiz olduğunu bildirirlər. Onların iddiasına görə, Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş əmlaklar faktiki olaraq Mövlam Şıxəliyevin cinayət yolu ilə əldə etdiyi vəsaitlər hesabına alınıb. Zərərçəkmişlərin mövqeyi açıqdır – bu əməliyyatlar formal xarakter daşıyıb, məqsəd əmlakları müsadirədən yayındırmaq olub. Zərərçəkmişlər tələb edirlər ki, Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş əmlaklar da müsadirə olunsun və onlara dəymiş ziyanın ödənilməsi təmin edilsin.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib