Dərc edilib: 22-02-2026

https://www.nuh.az/44192-.html

Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu

22.02.2026 16:43:10

LIVE

Niderland Silahlı Qüvvələrində mühüm kadr təyinatı həyata keçirilib.

Musavat.com xəbər verir ki, əslən Türkiyənin Ərzurum vilayətindən olan və ikili vətəndaşlığa malik Cengiz Şahan Hollanda ordusunda yeni yaradılmış Hava Dəstək Komandanlığının rəhbəri vəzifəsinə təyin edilib. O, briqada generalı rütbəsi ilə vəzifəsini rəsmi mərasim zamanı təhvil alıb.

Məlumata görə, Cengiz Şahan 2003-cü ildə Hollanda ordusunda yüzbaşı rütbəsində xidmət edərkən Türkiyədə də hərbi xidmət borcunu yerinə yetirib. Sonrakı illərdə o, Niderland Silahlı Qüvvələrinin müxtəlif struktur bölmələrində, o cümlədən əməliyyat planlaşdırması, logistika və hava dəstəyi sahələrində mühüm vəzifələrdə çalışıb. Onun beynəlxalq missiyalarda və NATO çərçivəsində həyata keçirilən proqramlarda iştirak etdiyi bildirilir.

Yeni yaradılan Hava Dəstək Komandanlığı Niderland ordusunda hava əməliyyatlarının koordinasiyası, texniki təminat, logistika və operativ dəstək sistemlərinin vahid idarəetmə modelinə keçirilməsi məqsədi daşıyır. Strukturun ölkənin müdafiə strategiyasında və NATO öhdəliklərinin icrasında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanır.

Cengiz Şahanın bu vəzifəyə təyin edilməsi Niderland tarixində qüvvə komandanlığı səviyyəsində yüksək post tutan ilk türk əsilli zabit kimi qiymətləndirilir. Onun yüksəlişi Avropada yaşayan türk icması tərəfindən maraq və qürur hissi ilə qarşılanıb.

Hərbi ekspertlərin fikrincə, bu təyinat həm Niderland Silahlı Qüvvələrinin modernləşmə xəttinin davamı, həm də çoxmədəniyyətli cəmiyyət modelinin dövlət strukturlarında təzahürü baxımından diqqətəlayiq hadisədir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib