Dərc edilib: 24-02-2026

https://www.nuh.az/44209-.html

Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu

24.02.2026 14:57:04

LIVE

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Batabat" restoranının Aqil adlı icraçı direktoru sözügedən obyektin pullarını kazinoda uduzub. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, restoranın sahibi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 
Aqil adlı həmin şəxs saxlanılıb və ona Cinayət Məcəlləsinin 179.2.3 (Mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (Mənimsəmə və ya israf etmə -  xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinə Şahbuz Rayon Məhkəməsində hakim Daşqın Səfərovun sədrliyi ilə baxılıb. 
Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, 29 may 2025-ci ildə restoranın direktoru təyin edilib. Lakin bu rəsmi şəkildə baş verməyib. Aqilin sözlərinə görə, onu restoranın direktor vəzifəsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederesiyasının keçmiş sədri, sabiq deputat Səttar Möhbalıyev təyin edib. 
Aqil əlavə edib ki, iyul ayının 12-dək qeyri-rəsmi olaraq restoranın direktoru vəzifəsində çalışıb. Daha sonra Türkiyəyə gedib. O, restoranının pullarını "Pinco-Casino" adlı kazinoda uduzduğunu deyib. 
 
Məhkəmənin hökmü ilə Aqil 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
"Batabat" restoranı "Batabat Restoranı" MMC-yə məxsusdur. Bu MMC-nin qanuni təmsilçisi Möhbalıyev Ayxan Namiq oğludur. O, Səttar Möhbalıyevin qardaşı oğludur. 
Mediada gedən məlumatlara görə, "Batabat" restoranı Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun nəzarətində olan "Nəqşicahan Holdinq"in tərkibində fəaliyyət göstərib. Vasif Talıbov tutduğu vəzifədən azad edildikdən sonra onun biznes imperiyası da çökməyə başlayıb. Keçmiş Ali Məclisi sədrinin nəzarətində olan biznes subyektləri, o cümlədən "Batabat" restoranı onun əlindən çıxıb. 
Restoran Naxçıvan Həmkarlar İttifaqları Şurasının balansına keçib. Bir müddət sonra isə Səttar Möhbalıyev obyekti özəlləşdirib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib