Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
Məlum olduğu kimi, paytaxtın Keşlə qəsəbəsində kollektorun üzərində tikilən ev tamamilə sökülüb, xəttin bərpasına başlanılıb.
“Qafqazinfo”nun məlumatına görə, sakin Səbuhi Məmmədov ATV-yə bildirib ki, evi 13 il əvvəl alsa da, onun kollektorun üzərində tikilməsindən xəbərsiz olub.
“Mətbəxdə oturduğum vaxt gördüm ki, evin altında nəsə partladı. Baxdım ki, evin altı yoxdur. Bir tərəfdən su axır, bir tərəfdən də kollektor partlayıb. Evin bələdiyyə sənədi var, qeydiyyat ünvanımız buradır. Evi alanda heç kim bizə kollektorun üzərində inşa olunduğunu deməmişdi. Burada 2 ildən çoxdur ki, sızmalar olur”, - S.Məmmədov qeyd edib.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev məsələ ilə bağlı bildirib ki, kommunikasiya xətlərinin ətrafında və üzərində inşa olunmuş yaşayış evlərinin söküntüsü zamanı həmin yaşayış evində vətəndaşın uzunmüddətli qeydiyyatı və digər kommunikasiyalardan istifadəsi varsa, bu zaman onun istifadə hüququ formalaşır və söküntü zamanı həmin əmlak qiymətləndirilərək mənzil sahiblərinə kompensasiyalar ödənilir.
Daha ətraflı videomaterialda: