Dərc edilib: 12-04-2026

https://www.nuh.az/44441-.html

Tramp: İranı bir gündə silərəm

12.04.2026 23:05:54

LIVE

ABŞ prezidenti Donald Tramp müxtəlif istiqamətlər üzrə səsləndirdiyi açıqlamalarla yenidən diqqət mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, o, İranla bağlı danışarkən son dərəcə sərt ifadələr işlədib və bildirib ki, istədiyi halda bu ölkəni çox qısa müddətdə məhv edə bilər: “İstəsəm, İranı bir gündə məhv edə bilərəm. 1 saatda məhv edərəm”.

Tramp NATO ilə bağlı da tənqidi mövqe ortaya qoyub. Onun sözlərinə görə, alyans ABŞ-nin maraqlarını gözləməyib: “NATO-nu yenidən nəzərdən keçirməliyik. Onlar bizim üçün orada deyildilər. Onlar bizim üçün orada olmayacaqlar. Bu, sadəcə hərbi əməliyyatdır, bizim üçün çətin bir şey deyil”.

ABŞ Prezidenti müasir silah texnologiyalarından da danışıb. O qeyd edib ki, dronlara qarşı yeni vasitələr hazırlanıb: “Bizdə dronları məhv etmək üçün yeni maşınlar, kompüterləşdirilmiş güllələr var. Həmçinin lazerlər dronu əridir; bunu görmək çox gözəldir. Biz bunları istifadə edəcəyik”.

İranla bağlı digər açıqlamasında isə Tramp Vaşinqtonun maksimal tələblərlə çıxış etdiyini vurğulayıb: “İran bizim istədiyimiz hər şeyi verəcək. Mən öz komandama da deyirəm: mən hər şeyi istəyirəm. 90 faiz istəmirəm, 95 faiz istəmirəm; istəyirəm ki, bizə hər şeyi versinlər”.

O, həmçinin enerji məsələsinə də toxunaraq bildirib ki, ABŞ-nin kifayət qədər neft ehtiyatı var və bu resursları daha ucuz qiymətə bazara çıxarmaq mümkündür: “Qoy Çin öz gəmilərini bizə göndərsin, Venesuelaya göndərsin. ABŞ-nin kifayət qədər nefti var, hətta onu daha ucuza da sata bilərik”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib