Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
"ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram".
Qaynarinfo xəbər verir ki, bunu "NBC News" telekanalına müsahibəsində Kuba prezidenti Migel Dias-Kanel deyib. Bu, onun ABŞ televiziya kanalına ilk müsahibəsi olub.
Prezident Dias-Kanel bildirib ki, kubalılar "müharibə istəmir” və ölkə ABŞ ilə dialoqa hazırdır: "Lakin əgər ABŞ-ın müdaxiləsi baş verərsə, mübarizə olacaq, biz döyüşəcəyik və lazım gələrsə, öləcəyik".
Kuba prezidenti həmçinin ABŞ-ın ölkəyə qarşı mövcud blokadasını "ədalətsiz” adlandırıb və Vaşinqtonun hərəkətlərini "pozucu və pis niyyətli” kimi qiymətləndirib.
Dias-Kanelin sözlərinə görə, ABŞ-ın Kubaya qarşı hərbi müdaxiləsinə başlamaq üçün "heç bir əsas yoxdur” və belə bir addım "irrasional” olardı.
Qeyd edək ki, "NBC News" daha əvvəl də müsahibənin fraqmentlərini yayımlamışdı. Həmin çıxışlarda Dias-Kanel ABŞ-ın təzyiqlərinə baxmayaraq vəzifəsini tərk etməyi planlaşdırmadığını bildirmişdi.