Dərc edilib: 15-04-2026

https://www.nuh.az/44477-.html

Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə xanım Sadıxova haqqında…

15.04.2026 22:35:39

Mədəniyyət

…Axşam  saat 21:00 radələridir. Mobil telefonuma tanmadığım nömrədən zəng gəlir. Bir qız uşağı çox kövrək səslə, az qala ağlaya-ağlaya deyir: “Kamran müəllim, atam Bakıda, Abşeron xəstəxanasında əməliyyat olunmalıdır, rayondan zəng edirəm, 2 saatdır şəhər telefonu ilə əlaqə saxlaya  bilmirik, yalvarıram bizim ailəyə kömək edin, atamdan xəbər  tutaq...”

Soruşuram ki, ay qızım, siz kimsiniz, haradan zəng edirsiniz, mənim telefonumu haradan bilirsiniz və s.və i

Nə isə qızın atasının ad və soyadını soruşub qeyd edirəm və  deyirəm çalışacam kömək edim...

Fikirləşirəm gecənin bu vaxtı Abşeron xəstəxanası...mən kimə zəng edim...bu uşağa necə kömək  edim ?

Gecənin  bu vaxtı  heç qardaş qardaşı narahat  etmək istəmir...

Xeyli fikirləşirəm nə edim, kimə zəng edim. Və qızın səsi qulaqlarımdan getmir:Bizə kömək edin, atamdan xəbər tutaq...Son ümid yeri sizsiniz...

Və birdən  ağlıma  Abşeron Rayon  Mərkəzi  Xəstəxanasının   direktoru  Səkinə xanın Sadıxova gəlir. Şəxsən tanımıram, ancaq bir il əvvəl işlə  bağlı  1-2 dəqiqə mobil telefonla danışmışıq. Vəssəlam.

Amma  düşünürəm gecənin bu vaxtı ( artıq gecə saat 10-a az qalıb ) mən necə zəng edim Səkinə xanıma. Adama deyərlər  ayıbdır  camaat yatmağa  hazırlaşır...

Nə isə zavallı  qızın  səsi qulağımdan getmir, rahat ola bilmirəm, mən nə edim...

Bir təhər özümü  toparlayıb Səkinə xanımın mobil nömrəsinə ( vtsp) xəstənin ad-soyadını  yazıb, acizanə xahiş edirəm...

Və 10 dəqiqə sonra  Səkinə xanım yazır: Xəstə əməliyyatdan uğurla çıxıb, hazırda  palatadadır, qəti narahat olmayın. Və mənə zəng edərək xəstənin ailəsinə narahat olmamağı tövsiyyə edir.

Elə bil üstümdən dağ  götürülür və qıza zəng edərək Səkinə xanımın dediklərini söyləyirəm.

İlahi, telefondakı sevinci, şadlığlı eşitmirəm ee, az qala görürəm...

Təkrar-təkrar “Kamran müəllim, ömür boyu sizə duaçıyıq...” eşidirəm və deyirəm “Qızım, mənə yox, Səkinə xanıma duaçı olun, gecənin bu vaxtı...”

Qız təəccüblə soruşur ki, Səkinə xanım kimdir...

Sözün qısası, Səkinə xanımın köməyi ilə  bir ailəni  dəhşətli əzabdan, nigarançılıqdan qurtara  bilirik.

Bu  hadisəni  nə üçün  qələmə aldım ?

Birincisi, onu qeyd edim ki, Səkinə xanımın bu yazıya ehtiyacı yoxdur.

İkincisi, heç bir məmur, o cümlədən, direktor Səkinə xanım   

hamının dərdinə çarə tapa bilməz. Doğrudan da, heç bir məmurun, o cümlədən Səkinə xanımın sehrli çubuğu-zadı yoxdur ki, bir dəqiqədə hamının problemini həll etsin.

Amma insana insan kimi yanaşmaq, onu dinləmək, gecə  saat 10-da dərdinə şərik olmaq və kömək etmək İNSANLIQ  məsələsidir.

Cəmiyyətimizdə  Səkinə xanım kimi   NÜMUNƏ-lər olanda adam sevinir, özünə, millətinə, dövlətinə hörməti daha da artır.

Sonda onu da qeyd edim ki, dilimizdə məşhur ifadə var: “Alim olmaq asandır, İNSAN olmaq çətindir”. İndiki halda isə belə deyək: “Məmur olmaq asandır, İNSAN olmaq çətindir”.

 

Onu da qeyd  edək ki, Səkinə  Sadıxova  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub.

 

NUH.az-ın Baş redaktoru  Kamran Məhərrəmli

NUH informasiya agentliyi səhifəsindən çap edilib