Dərc edilib: 16-04-2026

https://www.nuh.az/44478-.html

Hər səhər 20 dəqiqə gəzməyin faydası - Mütəxəssislər xəbərdarlıq edir

16.04.2026 00:07:24

LIVE

Heç bir xərc tələb etməyən sadə bir vərdiş – səhər tezdən qısa gəzinti beyinin fəaliyyətini və ümumi sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Qaynarinfo xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yuxudan oyandıqdan sonrakı ilk saatlar həm fiziki, həm də psixoloji sağlamlıq üçün xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən gündəlik rejimə ən azı 20 dəqiqəlik səhər gəzintisi əlavə etmək tövsiyə olunur.
Əhval-ruhiyyəni yaxşılaşdırır, stressi azaldır
Səhər gün işığı "xoşbəxtlik hormonları” hesab olunan serotonin, dopamin və endorfinlərin ifrazını stimullaşdırır. Bu da stressin azalmasına, əhvalın yüksəlməsinə və enerji artımına səbəb olur. Mütəxəssislər bildirir ki, təmiz hava və təbiət səsləri sinir sistemini sakitləşdirir, narahatlıq hissini azaldır və diqqəti toplamağa kömək edir.
Yuxunu normallaşdırır
Səhər saatlarında günəş işığına məruz qalmaq orqanizmin bioloji saatını tənzimləyir. Bu işıq yuxu hormonu olan melatoninin ifrazını azaldır və sirkadian ritmləri balanslaşdırır. Nəticədə gün ərzində enerji artır, axşam isə daha rahat yuxuya getmək mümkün olur.
Diqqəti və konsentrasiyanı artırır
Səhər açıq havada olmaq "oyanma prosesini” sürətləndirir və beyin dumanı hissini aradan qaldırır. Gün işığı kortizol səviyyəsini artıraraq daha enerjili olmağa və diqqətin yaxşılaşmasına kömək edir. Eyni zamanda dopaminin artması motivasiyanı yüksəldir və idrak funksiyalarını gücləndirir.
Beyinin sağlamlığını dəstəkləyir
Günəş işığı orqanizmdə iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malik D vitamininin sintezini artırır. Bundan əlavə, səhər işığı beynin neyroplastikliyinə yeni əlaqələr qurma qabiliyyətinə müsbət təsir edir, yaddaş və öyrənmə proseslərini gücləndirir.
Mütəxəssislər vərdişləri birdən-birə dəyişməməyi tövsiyə edir. Səhər gəzintisinə əvvəlcə 3–5 dəqiqədən başlamaq, sonra müddəti tədricən 20 dəqiqəyə çatdırmaq daha effektiv hesab olunur. Məsələn, səhər çayı və ya qəhvəni gəzinti zamanı qəbul etmək bu prosesi daha rahat edə bilər.
Araşdırmalar göstərir ki, gündəlik həyat tərzinə yuxu, gəzinti və sağlam qidalanma kimi sadə dəyişikliklərin daxil edilməsi ürək-damar xəstəlikləri riskini də azalda bilər. Bundan başqa, qısa, lakin müntəzəm fiziki aktivlik bir sıra xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib