Kişinyovdan Moskvaya zərbə: Rusiyalı komandanlar...
Moldova hökuməti ölkənin Dnestryanı bölgəsində "qanunsuz olaraq yerləşdirilmiş" Rusiya Qoşunlarının Operativ Qrupunun rəhbərliyini ölkə ərazisində arzuolunmaz şəxslər elan edib.
Musavat.com xəbər verir ki, "Zona de Securitate" nəşrinin dövlət strukturlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, giriş qadağası qoyulan şəxslər siyahısına komandan Dmitri Zelenkov və onun müavinləri daxildir.
Rəsmi Kişinyovun bu kəskin addımı Xarici İşlər Nazirliyi tərəfindən deyil, Baş Miqrasiya Müfəttişliyi tərəfindən qəbul edilib, çünki sözügedən hərbçilərin diplomatik statusu yoxdur. Qərarın hüquqi əsası kimi Rusiya hərbçilərinin Moldova ərazisində qanunsuz mövcudluğu göstərilib. Bu qərardan sonra operativ qrup komandanlığı faktiki olaraq Dnestrin sol sahili (separatçı bölgə) hüdudları ilə məhdudlaşdırılıb; onların Moldova tərəfinə keçmək və ya ölkəni tərk etmək cəhdi ölkədən deportasiya edilmələri və girişə müddətsiz qadağa qoyulması ilə nəticələnəcək.
Qeyd olunur ki, Ukrayna və İrandakı müharibələr fonunda Moldovanın bu addımı Rusiya hərbi varlığına qarşı diplomatik və hüquqi təzyiqi artırmaq məqsədi daşıyır. Moskva tərəfi hələlik bu qərara rəsmi reaksiya verməsə də, bu hadisənin Kişinyov və Moskva arasındakı onsuz da gərgin olan münasibətləri daha da pisləşdirəcəyi gözlənilir.