Dərc edilib: 21-04-2026

https://www.nuh.az/44541-.html

Nasizmin qurbanı olan azərbaycanlılar üçün Bergen-Belzendə xatirə lövhəsi açıldı - FOTOLAR

21.04.2026 00:12:43

Dünya

II dünya müharibəsi zamanı Almaniyanın Bergen-Belzen hərbi əsir düşərgəsində saxlanılmış və orada həlak olmuş azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılışı olub.

Musavat.com xəbər verir ki, açılış mərasimi aprelin 19-da baş tutub.

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən azərbaycan və alman dillərində hazırlanmış xatirə lövhəsinin açılışı münasibətilə Bergen-Belzen memorial kompleksinin hərbi əsirlər məzarlığında mərasim keçirilib.

Mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Aşağı Saksoniya Federal Torpaq Landtaqının (parlamentinin) sədri Hanna Naber, Aşağı Saksoniya Federal Torpağının təhsil naziri Yulia Villi Hamburg, Aşağı Saksoniya Memoriallar Fondunun icraçı direktoru və Bergen-Belzen Memorialının rəhbəri xanım Elke Qriqlevski, Azərbaycan diasporunun nümayəndələri, eləcə də müxtəlif alman təşkilatlarının və qurumlarının nümayəndələri iştirak ediblər.

Bergen-Belzen Memorial Kompleksinin tədqiqat və sənədləşmə departamentinin rəhbəri Akim Yah və Memorialın Beynəlxalq Məşvərət Şurasının üzvü Rolf Keller xatirə lövhəsinin açılışının bu əsir düşərgəsində əzab çəkmiş və həlak olmuş azərbaycanlı hərbçilərin xatirəsinə ehtiramın ifadəsi olduğunu vurğulayıblar.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında iki il əvvəl Səfirlik tərəfindən Daxau, ötən il isə Zaksenhauzen əsir düşərgələrindən sonra Bergen-Belzen əsir düşərgəsində soydaşlarımızın xatirəsinə həsr olunmuş lövhənin açılışını mənəvi borcun yerinə yetirilməsi və tarixi hadisə kimi qiymətləndirib. Diplomat bu təşəbbüsün həlak olmuş əsirlərin xatirəsinin yad edilməsi ilə yanaşı, uzun müddət tarixin kölgəsində qalmış insanların, o cümlədən azərbaycanlı hərbi əsirlərin unudulmamasına, onların xatirəsinin əbədiləşdirilməsinə xidmət etdiyini vurğulayıb. “Bu gün biz buraya zorla gətirilmiş azərbaycanlı hərbi əsirlərin xatirəsini xüsusi ehtiramla yad edirik. Onlar vətənlərindən uzaqda məzarsız, adsız və yaxınları ilə vidalaşmadan dünyasını dəyişib. Bu günkü hadisə onların Avropanın kollektiv yaddaşında öz layiqli yerlərini tutmaları baxımından yüksək önəm daşıyır”, - deyə N.Ağayev qeyd edib.

Səfir Azərbaycan xalqının II dünya müharibəsi illərində nasizm üzərində qələbəyə mühüm töhfələrindən söz açaraq bildirib ki, müharibə dövründə 700 minə yaxın azərbaycanlı cəbhəyə yollanıb, onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Azərbaycanlı döyüşçülərin Stalinqrad, Kursk, Kiyev, Budapeşt və Berlin kimi əsas cəbhələrdə qəhrəmanlıqla vuruşduqlarını qeyd edən diplomat 128 soydaşımızın “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülməsinin və 10 minə yaxın azərbaycanlının Avropa müqavimət hərəkatında fəal iştirakının xalqımızın faşizmə qarşı qlobal mübarizədəki sarsılmaz mövqeyinin sübutu olduğunu bildirib.

Bundan başqa, Azərbaycan neft sənayesinin müharibənin taleyində həlledici rol oynadığı vurğulanıb. Qeyd olunub ki, sovet ordusunun yanacağının böyük hissəsi, o cümlədən benzinin 80 faizi, sürtkü materiallarının isə 90 faizdən çoxu Azərbaycanda istehsal edilib.

Daha sonra xatirə lövhəsinin üzərindəki örtük götürülüb, əklillər qoyulub və həlak olmuş əsirlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Qeyd edək ki, Almaniyanın Aşağı Saksoniya federal torpağında yerləşən Bergen-Belzen hərbi əsir düşərgəsində Avropanın müxtəlif ölkələrindən olan 120 min əsir saxlanılıb. Onlardan 52 mindən çoxu nasistlər tərəfindən öldürülüb. Bergen-Belzen hərbi əsirlər məzarlığında isə azərbaycanlı əsirlər də daxil olmaqla, 19 min 580 sovet hərbi əsiri dəfn olunub. Nasizm üzərində qələbədən sonra bu məzarlıqda abadlıq işləri görülüb, burada xatirə abidəsi ucaldılıb.

Nigar Həsənli
Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib