Deputatdan çoxmilyonluq dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün TƏKLİF
"Bilirik ki, yaşamağa başladığımız yeni mərhələnin çağırışlarına düzgün cavab verib hədəflərə doğru şəkildə çatmaq üçün “Nəyi təkmilləşdirməli?”, “Niyə təkmilləşdirməli?” və “Hansı istiqamətdə təkmilləşdirməli?” kimi üç fundamental suala daha dolğun cavab vermək qabiliyyətinə malik üç qurum varsa, onlardan biri də Hesablama Palatasıdır".
Bu barədə deputat Əli Məsimli parlamentdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı bildirdi.
Onun sözlərinə görə, Hesablama Palatasının 2021-2025-ci illər üzrə strateji planı çərçivəsində nəzərdə tutulan işlərin böyük əksəriyyətini həyata keçirməsi buna əyani misaldır:
"Eyni zamanda, Hesablama Palatası çoxsaylı təkliflərlə çıxış edib ki, bunların da 85 faizdən çoxu tam və qismən qəbul edilib. Hesablama Palatası 1,5 milyard manatdan çox vəsaitin nöqsan və təhlillər kontekstində aradan qaldırılması istiqamətində mühüm məsafə qət edib. Hesablama Palatasının büdcədən ayrılan saxlanma xərcləri ilə onun büdcəyə gətirdiyi gəlirləri müqayisə edəndə məlum olur ki, Hesablama Palatası büdcəyə öz saxlanmasına çəkilən xərclərdən 10 dəfədən çox vəsait qazandırıb. Ona görə də hesab edirəm ki, indiki zamanda obyektiv tələb olunduğu üçün Hesablama Palatasının daha artıq işlər görə bilməsi məqsədilə onun səlahiyyətlərinin artırılması və həmin səlahiyyətlərə uyğun şəkildə işçi heyətinin optimallaşdırılması çox vacibdir.
İkinci məsələ isə daha çox diqqət çəkən, daha çox pozuntuların olduğu sahələrə diqqətin artırılması ilə bağlıdır. Hesablama Palatasının hesabatında da açıq görünür ki, söhbət büdcə qanunvericiliyinin pozulmasından, eyni zamanda dövlət satınalmaları və əsasən vəsait qoyuluşları ilə bağlı pozuntulardan gedir. Bunlar bütün pozuntuların 85 faizini təşkil edir. Ona görə də hesab edirəm ki, bu sahəyə fokuslanmış diqqət artırılmalıdır. Təklif edirik ki, bu istiqamətdə büdcə qanunvericiliyinin pozulması, satınalmalar və dövlət vəsaitindən istifadə sahəsindəki problemlərin aradan qaldırılmasının sürətləndirilməsi məsələsinə dair çox sanballı bir tədbir keçirilsin. Məncə, belə tədbir bu müstəvidə keçirilsə, daha çox təsir göstərə bilər. Belə bir tədbirin keçirilməsi vacibdir".
Onun sözlərinə görə, orada sadalanan rəqəmlərdən də çox, faydalı və effektiv nəticələr əldə etmək üçün qabaqlayıcı tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir:
"Ona görə də qabaqlayıcı tədbirləri həyata keçirə-edə biz çoxmilyonluq pozuntuların qarşısını almaqla yanaşı, eyni zamanda bir sıra çoxmilyonluq yeyintilərin də aradan qaldırılması istiqamətində mühüm nəticələrə nail ola bilərik. Bir şərtlə ki, daxili audit sahəsindəki çatışmazlıqlar aradan qaldırılsın. Sözün həqiqi mənasında daxili auditi tam şəkildə işə salmaqla biz xeyli dərəcədə dövlət vəsaitinin yeyintisinin və sair problemlərin aradan qaldırılması istiqamətində böyük nəticələr əldə edə bilərik. Rəqəmsallaşma və süni intellektin bir sıra istiqamətlərdə, hesab edirəm ki, Hesablama Palatasının fəaliyyətinə də təsiri olacaq. Bu, bizim fəaliyyətimiz baxımından da önəmlidir. Süni intellektin cəmiyyətdə fəaliyyətə təsiri gücləndikcə, qanunvericilikdə də müvafiq dəyişikliklər ediləcək. Hesab edirəm ki, Hesablama Palatası bu imkanlardan istifadə edərək məhz bu istiqamətdə qanunvericilikdə müvafiq dəyişikliklərin həyata keçirilməsində böyük rol oynaya bilər. Bu sahədə də hesab edirəm ki, əməkdaşlığımızın daha da dərinləşməsinə ehtiyac var". Redaktor.az