Dərc edilib: 22-04-2026

https://www.nuh.az/44562-.html

Şagirdlərin zəhərlənməsi ilə gündəmə gələn şirkətə 9 milyonluq tender verildi

22.04.2026 19:49:47

Reportaj

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2026-cı il ərzində yeməklə təchizatı xidmətinin satın alınması ilə bağlı tenderə yekun vurub. 
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Tais İKF” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 9 314 440,94 manat təşkil edir. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Tais İKF” MMC 30 iyun 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, ev 5-də yerləşir. Şirkətin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur. 
Qeyd edək ki, 2023-cü ildə Bakıda fəaliyyət göstərən 20 saylı məktəb-liseydə zəhərlənmə baş vermişdi və 6 nəfər 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, şagirdlər toyuq ətindən zəhərlənib. Eyni zamanda qeyd olunurdu ki, 20 saylı məktəb-liseydə iaşə xidmətini "Tais ikf” MMC təşkil edib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib