Dərc edilib: 22-04-2026

https://www.nuh.az/44567-.html

Zahid Oruc : Əsl enerji təkcə yerin altında və Göylərdə deyil, insanların ideallarında, iradəsində və birliyindədir

22.04.2026 23:40:27

Müsahibə

“Yaşıl enerji”ni qazana bilsək, neft hasilatının azalmasından narahat olmayacağıq

 

Əgər son 280 illik milli taleyimizi şərti bir tarixi qrafik üzərində modelləşdirsək, xanlıqlar dövründən quberniya idarəçiliyinə, oradan Azərbaycan Xalq Cümhuriyyəti mərhələsinə, daha sonra sovet sisteminə və nəhayət, müstəqillik  dövrünə qədər uzanan mürəkkəb bir inkişaf trayektoriyası yerüstü hadisələr olsalar da bir yeraltı sərvətlə ayrılmaz vəhdətdə cərəyan edib. Makroskopik baxış bizə mühüm bir həqiqəti açıq şəkildə göstərir: qədim Şərqin ən mühüm və geosiyasi baxımdan həssas nöqtələrindən biri olan Azərbaycan coğrafiyasında neftin kəşfi, onun sənaye üsulu ilə hasilatı və sonrakı qlobal dövriyyəsi xalqımızın tarixi taleyi ilə paralellik təşkil edib.

Musavat.com xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun müəllifi olduğu “Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: Ənənəvi enerjidən “Yaşıl enerji”yə keçid” adlı kitabının təqdimat mərasimində deyib.

“Başqa sözlə desək, “coğrafiya taledir”, fikrindən daha çox, neft milli gələcəyimizi müəyyənləşdirən əsas qüvvələrdən biri olub-çarizm onu istismar edib, lakin əvəzində xalqımıza inkişaf edən sənaye və böyük kadrlar ordusu verməyib,  daha sonra ingilislərin Bakıda qurduğu diktatura yenə neftin donanmalarla daşınması ideyasına əsaslanıb, bərabərhquqlu tərəfdaş nəzəri ilə baxmayıb, müstəqil bir dövlətin quruculuğuna kğmək göstərməyib, daha sonra Lenin bolşeviklərin qarşıısna neft Bakısına sahib olmağı  tapşırıb, qarşılığını torpaqların ermənilərlə bölüşüdürülməsi ilə qaytarıb. Nəhayət, ikinci dünya müharibəsinin taleyini yenə də Abşeron yarımadasının qara qızılı müəyyənləşdirib, lakin  100 minlərlər insanın gecəli-gündüzlü 5 illik zəhmətinin mükafatını-Bakını qəhrəman şəhər elan etməyə belə qadir olmayıblar.

Amerikalı tədqiqatçı Daniel Yergin məşhur “Qənimət” əsərində göstərir ki, XX əsrin taleyi böyük ölçüdə neft uğrunda mübarizə ilə müəyyən olunub. Azərbaycan, xüsusilə Bakı nefti, qlobal enerji tarixinin mərkəzində dayanıb. Həqiqətən də bir təbii sərvət ətrafında gedən proseslər yerləşdiyimiz coğrafiyanı dünyanın hərbi-iqtisadi və siyasi cazibə paytaxtına çevirib. İkinci Dünya müharibəsi zamanı Adolf Hitler Bakını ələ keçirməyi strateji məqsəd kimi müəyyənləşdirmişdi. Onun “Edelvess əməliyyatı”nın əsas hədəfi məhz Qafqaz nefti idi. Eyni zamanda,  Çörçill neft Bakısının əhəmiyyətini “müharibənin sinir mərkəzi” kimi qiymətləndirirdi. Şarl de Qoll isə Qafqaz neftinin Avropa təhlükəsizliyi üçün həyati rol oynadığını vurğulayırdı. Tarixi faktlar sübut edir ki, Azərbaycan nefti yalnız iqtisadi resurs olmayıb – o, dünya güc balansını müəyyən edən strateji amil olub.

Statistikaya nəzər salsaq:

  • 1846-cı ildən indiyə qədər Azərbaycanda 2 milyard tondan artıq neft hasil olunub;
  • Göstərici ölkəmizi dünya enerji tarixində nadir mövqeyə çıxarır.

Lakin indi əsas məsələ budur: biz tarixi inkişaf xəttini necə dəyişirik? İrana qarşı son iki aya yaxın davam edən qlobal savaş və gərgin geosiyasi reallıqda yeni enerji xəritəsi formalaşır. Xüsusilə, Hormuz boğazı ətrafında ikiqat embarqo və mühasirə rejimi obrazlı desək, dünya ticarətinin boğazından aslan yükə çevrilib, qlobal enerji təhlükəsizliyi üçün ciddi risklər yaradır.  Belə bir şəraitdə Azərbaycanın qarşısında yeni tarixi imkan yaranır.

Necə ki, Ulu öndər Heydər Əliyev istər sovet Azərbaycanının, eləcə də 1994-cü ildə torpaqları itirilən bir xalqın nefti uğrunda gedən müharibəni qazanaraq, bir tərəfdən regional savaşın taleyini həll etdi, digər tərəfdən gələcək ordu quruculuğu və bölgədə siyasi balansı Azərbaycanın xeyrinə həll etmək üçün imzalamağ nail olduğu “Əsrin müqaviləsi” və Baku-Tbilisi-Ceyhan xətti Xəzər neftini dünya bazarına çıxararaq, enerji xəritəsini dəyişdi, indi də Zəngəzur dəhlizi 21-ci əsrin anlaşması olaraq, qitələri birləşdirən və Hörmüz ətrafında gedən savaşın taleyinə təsir edən strateji layihəyə çevrilə bilər.

 Göründüyü kimi, bir təbii resurs və millətin taleyinin sinxronluğu mütləq şəkildə təsdiqlənir: neftin yüksəliş və eniş mərhələləri ilə dövlətçilik tariximizin dönüş nöqtələri arasında aydın  bağlılıq mövcuddur.

Vətən müharibəsində Qələbəmiz və Azərbaycanın qalib yüz ilinin başlanğıcı sadəcə siyasi təqvimin dəyişməsi deyil, həm də strateji düşüncənin, iqtisadi modelin və milli ideyanın transformasiyasıdır.  Prezident İlham Əliyevin elan etdiyi “Yeni Dövr” konsepsiyası qarşısında duran əsas sual budur: Azərbaycan post-neft mərhələsinə necə keçəcək və  keçid hansı geosiyasi nəticələr doğuracaq? Prezident İlham Əliyevin andiçmə mərasimində bəyan etdiyi Yeni Dövr idealı özündə hansı siyasi hədəfləri, iqtisadi strategiyaları daşıyır, idarəetmə və sosial həyatımızda, o cümlədən regional və beynəlxalq mənafelərimizin təminatında necə bir dəyişiklikləri gətirəcəkdir?

Suala ilkin münasibət təkcə alternativ enerjiyə keçiddən, neftə və qaza, daş kömür və tükənən digər yanacaq növlərinə tələbatı azaltmaqdan, karbon emissiyalarını sıfra endirməkdən getmir, ilk növbədə, sənaye üsulu ilə çıxarmağa başladığımız 280 illik neftin inhisarından çıxmaqdan, iki dünya müharibəsi, o cümlədən, birinci və ikinci Qarabağ savaşlarının taleyində müstəsna rol oynayan bir resursun hakimiyyətindən xilas olmaqdan gedir.

Gəlin razılaşaq ki, bu o qədər də asan deyil. Buxar maşınları, elektrik enerjisinin kəşfi, internetin ixtirası, smart və süni texnologiyaların meydana gəlməsi kimi, qara mayenin  hökmranlığından azad olmaq, nefti əvəzləyəcək yeni resursu tapmaq Qarabağdan sonra yeni milli ideyanı formalaşdırmaq qədər müstəsna əhəmiyyətli məsələdir.

Əslində prezident yeni hərəkata-“Yaşıl Azərbaycan” hədəfi uğrunda mübarizəyə yenicə hakimiyyət birincisi olduğu dövrdən  başlayıb, 20-dən artıq fərman, sərəncam, dövlət proqramı və qərar qəbul olunub, lakin ölkə başçısının xüsusilə də 2010-cu ildən sonrakı çıxışlarına, o cümlədən qərarlarına baxsanız, əsas dövlət kursunun mühüm bir sahəsinin məhz bərpa olunan enerjiyə yönəldiyini görəcəksiniz. Lakin o zamankı cəhdlər həmin siyasəti reallaşdırmağa məsul olan şəxslərin məsuliyyəti ucbatından o qədər də arzuolunan nəticələri verməyib və biz günəşə-küləyə açılan panelləri-qurğuları yol kənarında qeyri-işlək vəziyyətdə görəndə onlara ekzotik əşyalar kimi baxmışıq, narahatlıq və itki hissi keçirməmişik.

İndi daha böyük siyasi iradə ortaya qoyulub və dövlətimizin Qarabağ savaşından sonra qlobal ekoloji tədbiri qazanması böyük siyasi uğur olmaqla yanaşı, həm də tarixi fürsətdir. Ona görə də Yeni Dövrün sualı belədir:”biz neftin dominant rolundan imtina edə bilərikmi, yəni süni intellekt kimi yaşıl enerjiyə keçid təkcə yeraltı sərvətləri qorumaq deyil, həm də son 300 illik taleyimizi dəyişdirmək deməkdir. Nəinki büdcə gəlirləri, ixracda payına görə, o cümlədən, gerçək həyatımızın əsas nüvəsi, mövcudluq cövhəri, ədəbi-bədii energetika və daxili mənəvi mühərrikimiz neft olub.

İndi biz mədəniyyət və incəsənət adamlarını, fikir və ideya təmsilçilərini yeraltı sərvətlərdən göylərdəki enerji qatlarına, hava mədənlərinə qaldırmağı bacarmalıyıq ki, onlar Günəşi və küləyi təkcə təbiət-kainat və atmosfer hadisəsi saymasınlar, həm də tükənməz enerji mənbəyi, transformasiyası və ekoloji inqilabın əsas nüvəsi hesab etsinlər.

Neft olduğu üçün orta illik temperaturu yüksək olan bir xalq göydə Günəşi və Bakı küləyini tükənməz sərvətə çevirə bilməyib. Son 30 ildə keçdiyimiz iqtisadi yol-Əsrin neft müqaviləsindən Əsrin Qələbəsinə gəldiik, 8 noyabr Zəfər və 20 sentyabr Suverenlik günü də məhz ekohərəkatla  başladığını yaxşı bilirik. Qarabağ müharibəsi, 1988-ci ildə Topxana meşəsi ilə başlayan nifaq Ocağı, 2022-ci ilin12 dekabr soyuq qış günlərində Xankəndi yoluna xüsusi təyinatla çıxan dinc ekoaksiyaçıların sülh Ocağı ilə yekunlaşdı və qələbəmizlə bitdi. Bu təkcə rəmzi və simvolik hadisə deyil, ana təbiətin də ilahi ədaləti idi. Bərpa olunan bütövlük, həm də müqəddəs torpaqlarımızın, onun üzərindəki canlı aləmin və bizi diri saxlayan atmosferin də azadlğı idi.

Son 20 ildə Qarabağı təmsil edən bir parlament üzvü kimi elmi əsaslara söykənərək deyə bilərik ki, ərazilərimizin işğaldan azad olunması Bərdədən Ağdama, Goranboydan Kəlbəcərə, Tərtərdən Xankəndi və Şuşayadək təkcə yolların açılması, çayların və su hövzələrinin qovuşması deyil, eləcə də hava axınlarının, yağışın, küləyin və günəşin bütün ərazilərimiz boyunca tam dövr etməsinə səbəb olub. Ona görə də ölkə rəhbərinin Yeni dövrü ilk növbədə, “Yaşıl Azərbaycan” deməkdir. Əgər Ulu öndər Heydər Əliyev 1994-cü ildə “Əsrin neft müqaviləsi”ni imzaladısa, İlham Əliyev yeni yüz ilin “Yaşıl enerji kontraktları”nı həyata keçirir. Ona görə də Qələbəmizin birinci müəllifi neft savaşını qazanan Ulu öndərdir. Lakin Zəfər hərəkatı davam edir.

Əgər biz “Yaşıl enerji”ni qazana bilsək, neft hasilatının azalmasından narahat olmayacağıq, Xəzəri dünya ilə birləşdirən kəmərləri alternativ enerji ilə təchiz edə biləcəyik. İndi yalnız neft-qaz müqavilələri ölkəmizin iqtisadi-siyasi təhlükəsiziyinin qarantıdırsa, “Yaşıl enerji” dəhlizini qura bilsək, 2030-cu ilədək “yaşıl artım”a nail olunacağına, o zaman Zəngəzur dəhlizi ilə Yaşıl Enerji ixrac kəmərlərinin çəkilməsinin mümkün olacağına inanırıq. Tam real bir perspektivdən bəhs edirik. O zaman “Orta dəhliz” strategiyası öz həllini tapacaq.

Sonda bir fikri xüsusi vurğulamaq istərdik: əsl enerji təkcə yerin altında və Göylərdə deyil, insanların ideallarında, iradəsində və birliyindədir”, - Z. Oruc bildirib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib