Dərc edilib: 24-04-2026

https://www.nuh.az/44587-.html

ABŞ-də ölüm hökmlərinin qaydası ( iynə, güllə...) dəyişdi

24.04.2026 22:47:37

LIVE

ABŞ Ədliyyə Departamenti ölüm hökmlərinin icrası ilə bağlı qaydalara mühüm düzəlişlər edildiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, yeni qaydalara əsasən, edam prosedurları sadələşdirilib və güllələnmə icra üsulları siyahısına daxil edilib.

Məlumata görə, yeniliklər həm ölümcül inyeksiya (iynə ilə öldürmə) protokollarının yenilənməsini, həm də alternativ üsulların tətbiqini nəzərdə tutur:

“Görülən tədbirlər çərçivəsində ölümcül inyeksiya protokolu yenilənib, eyni zamanda edam siyahısına güllələnmə dəstəsi tərəfindən icra kimi əlavə metodlar daxil edilib”.

Bundan əlavə, ölüm hökmü ilə bağlı işlərin nəzərdən keçirilməsi və icrasını sürətləndirmək üçün daxili proseslər daha da sadələşdirilib.

Hazırda ABŞ-nin 27 ştatında, eləcə də federal səviyyədə ölüm hökmü qüvvədədir. Edamların sayına görə Texas ştatı ölkədə liderlik edir. Əsas üsul kimi hələ də inyeksiya tətbiq edilsə də, son vaxtlar lazımi preparatların çatışmazlığı hökuməti alternativ yollar axtarmağa məcbur edib.

Xatırladaq ki, bir müddət əvvəl İsraildə də terrorçular üçün ölüm hökmünü nəzərdə tutan qanun qəbul edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib