Dərc edilib: 24-04-2026

https://www.nuh.az/44588-.html

Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO

24.04.2026 22:58:48

Mədəniyyət

Güney Azərbaycanı təmsil edən siyasi və ictimai təşkilatların nümayəndə heyəti Almaniyanın Xarici İşlər Nazirliyində rəsmi görüş keçirib.

Görüşdə Azərbaycan Demokrat Partiyası, Azərbaycan Mərkəz Partiyası, Güney Azərbaycan Demokrat Partiyası, Güney Azərbaycan İstiqlal Partiyası və Azərbaycan Tələbə Hərəkatının üzvləri iştirak ediblər. Nümayəndə heyəti Almaniya Xarici İşlər Nazirliyinin İran şöbəsinin təmsilçiləri ilə bir araya gələrək mühüm siyasi məsələləri müzakirə edib.

Tərəflər arasında aparılan müzakirələrdə çıxış edən nümayəndələr bildiriblər ki, Güney Azərbaycan türkləri İran əhalisinin əhəmiyyətli hissəsini təşkil edir və onların sayının 40 faizdən çox olduğu qeyd olunub. Onlar vurğulayıblar ki, qeyri-fars xalqlar arasında əməkdaşlıq genişlənərsə, bu qüvvələr ölkədə alternativ siyasi platforma formalaşdıraraq demokratiya və sabitliyə töhfə verə bilər.

Musavat.com-a görüş iştirakçılarının göndərdiyi xəbərdə qeyd olunur ki, nümayəndə heyəti Avropa siyasi dairələrində azərbaycanlıların yetərincə təmsil olunmamasını tənqid edib. Bu kontekstdə Almaniya tərəfinə müraciət edilərək, Güney Azərbaycanın səsinin Avropa İttifaqı platformalarında daha geniş eşidilməsi üçün dəstək istənilib. 


dde01a68-94bb-4662-8c6e-4e7902bdc354.jpg (680 KB)

Görüş zamanı İranın keçmiş şahı ailəsinin nümayəndəsi Rza Pəhləvinin Almaniyada olması məsələsi də gündəmə gətirilib. Azərbaycan tərəfi bunun görüşlə eyni vaxta təsadüf etməsinə etiraz edib və Pəhləvi hakimiyyətinin qəbul olunmadığını vurğulayıb. Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi isə izah edib ki, Pəhləvi rəsmi dövlət dəvəti ilə deyil, Almaniya parlamentindəki siyasi qüvvələrdən birinin təşəbbüsü ilə tədbirdə iştirak edib.

Təxminən bir saat yarım davam edən görüşün sonunda tərəflər dialoqun davam etdirilməsinin vacibliyini qeyd ediblər. Azərbaycanlıların İrandakı vəziyyəti və regionda baş verən proseslərlə bağlı fikir mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.

Görüşdə iştirak edən nümayəndələrin adları bunlardır:

* Mənirə Bilgin – Güney Azərbaycan Demokrat Partiyası
* Səməd Fərtaş – Güney Azərbaycan İstiqlal Partiyası
* Məhəmməd Şahin – Azərbaycan Mərkəz Partiyası
* Fərhad Məcidzadə – Azərbaycan Demokrat Partiyası
* Səccad Manafı – Azərbaycan Tələbə Hərəkatı

Sonda nümayəndə heyəti Almaniya Xarici İşlər Nazirliyinin təmsilçisi Martin Falkın səmimi qəbuluna görə təşəkkür edib.


NUH informasiya agentliyi səhifəsindən çap edilib