Dərc edilib: 28-04-2026

https://www.nuh.az/44633-.html

Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK

28.04.2026 13:55:44

Müsahibə

Qüdrət Həsənquliyev: “Hüquqdan, ali dəyərlərdən danışanlar vaxtında prinsipial mövqe tutsaydılar, bəlkə 44 günlük savaş da olmazdı”

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev Musavat.com-a müsahibə verib.

Avropanın ayrı-ayrı paytaxtlarının Cənubi Qafqazda növbəti dəfə gərginlik ocağı yaratmaq istiqamətində cəhdləri, Ermənistandakı revanşistlərin seçkiöncəsi fəallaşması və digər mövzularla bağlı sensasion fikirlərin əksini tapdığı müsahibəni təqdim edirik.

- Qüdrət bəy, yəqin diqqət yetirirsiniz, Avropa məkanının bir hissəsi Azərbaycana qarşı pressinq siyasəti yürüdür. Digər bir hissəsi isə fərqli yanaşma sərgiləyir, son vaxtlar davamlı şəkildə ölkəmizə səfərlər həyata keçirilir, Azərbaycan Prezidenti ilə görüşlər olur. Latviya prezidentinin ardınca Çexiya baş naziri Bakıya gəldi, İtaliya baş nazirinin də səfər anonsu edilib. Digər tərəfdən, Danimarka və Niderland parlamentlərinin anti-Azərbaycan qətnamələri oldu, Fransadan də ara-sıra bəlli mövqelər sərgilənir. Sanki Azərbaycanla bağlı Avropa məkanında razılaşdırılmış proses həyata keçirilir. Üstəlik, Ermənistana dəstək davam edir. Nə baş verir? Azərbaycanla bağlı Avropa İttifaqının siyasəti hazırda nədən ibarətdir?

- Düşünmürəm ki, Avropa İttifaqında bütün ölkələr Azərbaycana qarşı hansısa bir siyasət yürütməklə bağlı anlaşıblar. Sadəcə olaraq müxtəlif ölkələrdə Azərbaycana münasibət fərqlidir, bu da əslində həm erməni diasporunun fəaliyyətindən, bəzi xristian həmrəyliyindən çıxış edən təşkilatların təsiri nəticəsi olaraq ortaya çıxır. Bu, Azərbaycanı sıxışdırmaq istəyən ayrı-ayrı dövlətlərin sifarişi ilə də baş verə bilər. Bu ehtimalı kənara qoymaq olmaz. Düşünə bilərlər ki, Azərbaycana nə qədər təzyiq olsa, Azərbaycan Qərbdən bir qədər uzaqlaşar və onların  iradəsinə tabe olar. Bu baxımdan versiyalar çoxdur. Amma bu cür təzyiqlərlə artıq Azərbaycanın siyyətinə təsir etmək mümkünsüzdür. Reallıqlar var. Bəzi avropalılar, xüsusilə regionu yaxşı bilənlər anlayırlar ki, Azərbaycanda real vəziyyət nədən ibarətdir. Azərbaycanın hansı coğrafiyada yerləşdiyini, Azərbaycana olan təzyiqləri, Azərbaycan xalqının ümumi sosial inkişaf göstəricilərini bilirlər. Onu da bilirlər ki, məsələn, Azərbaycanda hansı islahatlar həyata keçirilə bilər, hansılar olmaz. Amma bəzi ölkələr, dediyim kimi, Azərbaycana təzyiq edirlər. Bu da keçərli deyil. Xüsusilə də Azərbaycandan tələb etmək ki, erməni faşistləri azad edilsin. Özü də təkcə Avropa yox, elə biz Nyu-York merinin açıqlamasını da gördük. Guya ermənilər Azərbaycandan çıxışdırılıb  çıxarılıb. Özü də bu şəxs müsəlmandır... Vəziyyəti dərindən öyrənmədən Azərbaycanla bağlı  məsuliyyətsiz açıqlamalar vermək, məsuliyyətsiz qərarlar qəbul etmək  Azərbaycanda nə demokratiyanın inkişafına, nə qanunun aliliyinə töhfə verir. Əslində Ermənistanla münasibətlər bir az da gərginləşdirilir, sülhə xidmət etmir. İndi bir çox hallarda Ermənistan rəhbərliyi daha konstruktiv mövqe sərgiləyir, nəinki Qərbdəki o ermənipərəstlər. Sanki Roma Papasından artıq katolik olmağa çalışırlar. Bu da dediyim kimi, Azərbaycana təzyiq məqsədi ilə edilir.


qudret.jpg (90 KB)


- Bu arada, Avropa İttifaqı Ermənistana növbəti uzunmüddətli missiya göndərmək qərarı verib. Belə bir qərar nədən xəbər verir? Bölgədən əl çəkmək istəmir, yoxsa hansısa başqa planı var?

- Ermənistanla bizim aramızdakı problem niyə vaxtilə həll olunmayıb?Onlar Ermənistanı işğalçı dövlət kimi tanısaydılar,  Ermənistana sanksiyalar tətbiq olunsaydı proseslər başqa məcrada inkişaf edərdi. Amma biz gördük, həmin Avropa Şurasında Xocalı qətliamının başında duranlar, Sərkisyan və Köçəryan ayaq üstə alqışlandı... Hüquqdan, ali dəyərlərdən danışanlar vaxtında prinsipial mövqe tutsaydılar, bəlkə 44 günlük savaş da olmazdı, danışıqlar yolu ilə, diplomatik yolla məsələ həll olunardı, bizim o qədər qəhrəman oğullarımız torpaqlarımızın azadlığı uğrunda həyatını qurban verməzdi. Elə Ermənistan tərəfinin özündən də gənclər müharibədə ölməzdi. Bu baxımdan onların ədalətsiz mövqeyi, təcavüzkarı stimullaşdırmaları vəziyyəti gərginləşdirdi. İndi də yenə bölgədə bu gərginliyi saxlamaqla hesab edirlər ki, bu yolla Azərbaycana təzyiq imkanlarını qoruyub saxlayacaqlar. Sülhə imkan verməməklə bölgədə öz mövcudluqlarını qoruyub saxlamağa çalışırlar.

- Bu təzyiqlər Azərbaycanla Rusiya arasında gərginliyin ortadan qaldırılmasına yönəlik proseslərin cərəyan etdiyi dövrdə müşahidə olunur. Hesab etmirsinizmi bu, təsadüf deyil. Azərbaycandan Ukrayna yaratmağa çalışan çevrələrin qıcıqlı siyasətinin məntiqi nəticəsi saymaq olarmı?

- Azərbaycanın Rusiya və Ermənistanla  münasibətlərinin gərgin olması Azərbaycanı müəyyən mənada Qərbdən asılı edir. Rusiya ilə münasibətlərin pozulması və Ermənistanla münasibətlərdə gərginlik isə Rusiyanın işinə yarayır. Təəssüf ki, həm Rusiya, həm Qərb siyasi isteblişmentində bu cür düşünənlər çoxdur. Görürsünüz, yersiz olaraq məsələ qaldırırlar ki, keçmiş Dağlıq Qarabağdan köçmüş ermənilər geri qaytarılsın. Azərbaycanın heç zaman buna etirazı olmayıb. Amma eyni zamanda bəyan edib ki, onlar vətəndaşlığı qəbul etməli, Ermənistan da 250-300 min azərbaycanlının  Ermənistana qayıdışını təmin etməlidir. Qəbul oluna bilməz ki, erməni gəlsin Azərbaycana, amma Qərbi Zəngəzurdan, Göyçə mahalından, İrəvandan qovulan, ev-eşiyindən didərgin salınan azərbaycanlılar geri qayıda bilməsin. Belə bir şey ola bilməz! Bu olacaqsa, qarşılıqlı olacaq. Amma görürsünüz, onlar (Qərb paytaxtlarından söhbət gedir - red.) Ermənistandan qovulan azərbaycanlılarla bağlı bir kəlmə demirlər. Sanki elə onlar Ermənistandan qovulmalı imişlər, Ermənistan monoetnik bir ölkəyə çevrilməli imiş. Dediyim kimi, bu, Azərbaycana təzyiq vasitəsidir. Mən həmişə deyirəm ki, xoş niyyətlə deyilən söz bir çox hallarda bağlı qapı arxasında deyilir. Məsələn, bəlli məsələdir ki, Azərbaycanda insan haqları, qanunun aliliyi ilə bağlı müəyyən problemlər var. Belə problemlər hətta ən inkişaf etmiş ölkələrdə də mövcuddur. Amma bunu bəzən qabardıb Azərbaycana qarşı təzyiq vasitəsinə çevirəndə ədalətli olmur, həmçinin əks effekt verir. Ona görə ki, görürük ki, bu, Azərbaycana qarşı xoş niyyətlə atılan addım deyil.


4f3272b2-56d8-3fcb-b197-25c6ba61cf8a_1200.jpg (329 KB)


- Gələn ayın ilk yarısında Ermənistanda Avropa İttifaqının sammiti keçiriləcək, ardınca Avropa Siyasi Birliyinin toplantısı olacaq və Fransa prezidenti Makronun səfərində İrəvanla strateji müttəfiqlik sazişi imzalanacaq. Bu mənada Avropanın Ermənistan və bölgə ilə bağlı siyasətindən daha nələr gözləmək olar?

- Bilirsiniz, Avropa İttifaqı, o cümlədən NATO vaxtilə öz yanlış qərarları ilə Ukraynanı müharibəyə sürüklədi. Ukrayna xalqının müəyyən təcrübəsi olsa da, korrupsiyaya bulaşmış siyasətçilərdən bezməsi ölkəni müharibəyə gətirib çıxartdı. Artıq 4 ildən çoxdur bu müharibə davam edir, sülh isə hələ də əlçatmazdır. İndi Ermənistana da müəyyən vədlər verirlər, amma yenə deyirəm, sonda Ermənistanın da arxasında durmayacaqlar, necə ki, 2008-ci ildə Gürcüstanın arxasında durmadılar. Bu da bölgədə yeni gərginlik mənbəyi yaradacaq. Mövcud geosiyasi reallıqları nəzərə almadan qeyri-real bəyanatlar verməyin faydası olmur. Əslində gərək onlar özləri Ermənistanı radikal qərbyönümlü siyasətdən çəkindirsinlər. Amma əksinə, onlara deyirlər ki, gəlin, bizim qoynumuzda sizin yeriniz hazırdır. Halbuki, hazır deyil. Bu baxımdan gərək Ermənistan rəhbərliyinin müdrikliyi çata ki, baş verənləri, həmçinin, baş vermişləri ciddi təhlil etsin, nəticə çıxarsın və daha praqmatik, reallığa söykənən bir siyasət yürütsün.

- Amma hərdən Paşinyan hakimiyyətinin oyunbazlıqla məşğul olduğu qənaəti də yaranır. Məsələn, Türkiyə-Azərbaycan bayraqlarına qarşı İrəvanda törədilən vandalizm aktı belə bir qənaətə gəlməyə əsas yaradır. Razılaşırsınız?

- Sözsüz ki, eməni xisləti var. Amma düşünmürəm ki, o, Paşinyan tərəfindən sanksiyalaşdırılmış olsun. Əlbəttə, onlar tutulub cəzalandırılsaydı, daha yaxşı olardı. Bu addım onu göstərərdi ki, hökumət doğrudan da Türkiyə və Azərbaycanla barış istəyir. Bu edilmirsə, çox pisdir. Bir bəyanat vermək ki, “biz bunu təqdir etmirik”, bu, kifayət deyil. Amma Paşinyan da fikirləşir ki, o, radikalların bir hissəsinin, bəlkə də hansısa formada səsini ala bilər, amma yanılır. Əslində Paşinyan gərək öz mövqeyində çox stabil, ardıcıl və möhkəm olsun.

- Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirir, sərhəd qapılarının açılmasını gözləyir, amma saxta “soyqırımı” tamaşasının iştirakçısına çevrildi.

- Bir daha deyirəm, burada erməni xisləti var. Amma biz gərək erməni xalqını o radikalizmdən və ekstremizmdən xilas edək. Ona görə biz gərək imkan verməyək ki, Ermənistanda revanşist radikallar hakimiyyətə gəlsinlər. Mən vaxtilə elə sizinlə müsahibədə demişdim ki, Azərbaycan açıq şəkildə bəyan etməlidir ki, Xocalı soyqırımını törətmiş Serj Sərkisyanın, Robert Köçəryanın və digər müharibə cinayətləri törətmiş şəxslərin Ermənistanda hakimiyyətə gəlməsi Azərbaycan üçün qəbulolunmazdır və bunun ağır nəticələri olacaq! Bu, sülhə və təhlükəsizliyə böyük bir təhdiddir. O baxımdan hətta mən söyləmişdim ki, seçkilərə az bir müddət qalmış biz seçkilərdən dərhal sonra baş verə biləcək risklərin qarşısını almaq üçün müəyyən addımlar atmalıyıq, sərhədboyu ərazilərdə böyük hərbi təlimlər keçirməliyik. Erməni xalqına açıq şəkildə deyilməlidir ki, düzgün seçim edilsin, emosiyalarla yox, sağlam düşüncə ilə qərar verilsin. Deyilməlidir ki, seçki qutusunun başına gedəndə ağlını başına yığ və sağlam düşüncə ilə, soyuq başla səs ver! Yoxsa sənin verəcəyin yanlış qərar sonradan özün üçün böyük problemlər yarada bilər.

- Nikol Paşinyan özü də revanşistlərin hakimiyyəti ələ keçirəcəyi halda müharibə olacağı barədə xəbərdarlıq edir...

- Doğrudur, Paşinyan özü də deyir ki, müharibə olacaq. Bu, gizli də deyil. Mən də o fikirdəyəm ki, doğrudan da Köçəryan Ermənistanda yenidən hakimiyyətə gəlsə, baş nazir olsa, müharibə ehtimalı kifayət qədər yüksəkdir. Mən demirəm ki, 100 faiz, amma bu ehtimal kifayət qədər böyükdür. Ona görə də Azərbaycan indidən önləyici addımlar atmalıdır, həm beynəlxalq birliyə sözünü deməlidir. Biz gördük, məsələn, İraqda Maliki hakimiyyətə gəlmək istəyəndə Tramp açıq şəkildə mövqeyini bildirdi ki, əgər o, hakimiyyətə gəlsə, bu, ABŞ-İraq münasibətlərinə ciddi təsir edəcək. Bəribaşdan bəyan etdi ki, həmin adamın hakimiyyətə gəlişi bizim üçün qəbulolunmazır! İndi də eyni şəkildə Azərbaycan bunu açıq şəkildə bəyan etməlidir. Burada nə utanılası bir şey yoxdur, nə də bu, Ermənistanın daxili işlərinə qarışmaqdır. Bu, birbaşa Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı olan məsələdir. Həmçinin bu, regionun təhlükəsizliyi ilə bağlı məsələdir.

PASİN SON.jpg (202 KB)

- Qüdrət bəy, paralel olaraq baş nazirliyə iddiasını irəli sürən Xocalı canisi Köçəryanla bağlı hüquqi prosedurlar işə salına bilərmi?

- Mən hesab edirəm ki, rəsmi Bakı Köçəryanın Azərbaycana təhvil verilməsini İrəvandan tələb etməlidir! Onunla bağlı qiyabi məhkəmə keçirilə, Köçəryan barəsində məhkəmə qərarı çıxarıla bilər. Biz onu Ermənistandan tələb edə bilərik ki, Azərbaycana verilsin. Bəlkə də biz bu istiqamətdə addımlar atmağa yubanmışıq. Amma bu addımı indi də atmaq olar. Özü də təkcə onu yox, Sərkisyanı və digər hələlik ədalət mühakiməsindən qaça bilmiş erməni caniləri, müharibə cinayətləri törətmiş, mülki insanlara qarşı ağır cinayətlər etmiş şəxsləri. Onlar məsuliyyətə cəlb olunmalıdır. Hələ də 4 minə yaxın azərbaycanlının taleyi məlum deyil. Onların hansı kütləvi məzarlıqlarda basdırıldığı məlum deyil. Bu məzarlıqlar aşkar olunsa, beynəlxalq miqyasda ciddi rezonans doğuracaq. Ona görə bu məsələlər hələ də gizlədilir. Paşinyan da hələlik bu barədə açıq danışmır, çünki bilir ki, bu, soyqırımı cinayətidir və Ermənistan üçün çox ciddi nəticələrə gətirib çıxara bilər. Ona görə də minlərlə insanımızın harada dəfn olunduğunu demirlər ki, heç olmasa onların qalıqları ailələrinə, yaxınlarına təhvil verilsin. Əslində həmin vətəndaşlarımızın qalıqlarının təhvil verilməməsi də ayrıca bir cinayətdir.

Elşad Paşasoy

NUH informasiya agentliyi səhifəsindən çap edilib