Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
Vaxtilə SSRİ-də Hindistan filmləri çox populyar idi. Bu melodramalarda oynayan aktyorlarla canlı təmas hər bir sovet tamaşaçısı üçün böyük sürpriz, inanılmaz gerçəklik sayılırdı.
Azərbaycanda da hind aktyorlarına olan sevgi o zamanın ən isti xatirələrində yaşayır. Belə aktyorlardan biri də məşhur Amitabh Baççandır. Onun baş rolda oynadığı filmlər xalq arasında hədsiz sevilirdi. “Qanun və intiqam”, “Şakti”, “Üç məngənə”, “Bağışla, Aruna”, “Üç qardaş” və daha neçə-neçə ekran əsəri azərbaycanlı tamaşaçıların yaddaşında silinməz izlər buraxıb.
Azpost.info bildirir ki, məşhur aktyor illər əvvəl Bakıda olub və bu barədə özünün memuarlarında qeyd edib.
Amitabh Baççan 1986-cı ildə Daşkənddə keçirilən beynəlxalq kino festivalına qatılıb. Festivalın qaydalarına görə nümayiş olunan filmlərdən bir neçəsi Bakıya gətirildi. Amitabh Baççan da öz filmini təqdim etmək üçün Oğlu Abişek və qızı Şveta ilə Bakıya səfər edib.
A.Baççanı Bakıda o zaman Azərbaycan SSR Kinematoqrafiya Komitəsinin sədri Azad Şərifov qarşılayıb. Komitədə keçən görüşdə Azərbaycan kinosunun ən yaxşı aktyorları ilə Baççanın fikir mübadiləsi və görüşü olub. Amitabh oğlu ilə birlikdə Bakını gəzib. Ona şəhərin qədim abidələrini, İçərişəhərlə tanış ediblər. Məşhur aktyor Suraxanıdakı “Atəşgah”a da baş çəkib.

A.Baççan 2012-ci ildə özünün internet gündəliyində SSRİ ilə bağlı səfər xatirələrini yazarkən Bakıya gəlişi barədə də qeydlər edib.
“Bakıya səfərimdə “Atəşgah”a ziyarətimi yaxşı xatırlayıram. Məbəddəki divarlarda qədim hind dövrünə aid yazılar məni çox heyrətləndirmişdi. Azərbaycanda xalça sənətkarlığının yüksək səviyyəsinin şahidi oldum. Bakıda mənə bağışlanan zərif və gözəl xalçalar bu gün də evimi bəzəyir”-deyə Amitabh Baççan yazıb.
Baççan kino aktyorlarımız Leyla Bədirbəyli, Həsən Məmmədov və bir çoxları ilə görüşüb xeyli söhbət edib.
Amitabh Baççanın Bakıda olması xəbəri şəhərə ildırım sürəti ilə yayılıb. Onu görmək istəyən yüzlərlə gənc şəhərə axışıb. Lakin çox az bir qismə Baççanla şəxsən görüşüb avtoqraf almaq nəsib olub. Deyilənə görə, onlardan biri o zaman yeniyetmə qız olmuş Aygün Kazımova olub.

Amitabh Baççan 1942-ci il oktyabrın 11-də Hindistanın Allahabad şəhərində ziyalı ailəsində anadan olub. 1969-cu ildə karyerasına başlayan Amitabh Hindistanın ən məşhur aktyorlarındandır. O, Hindistan kinematoqrafçıları tərəfindən “Minilliyin aktyoru” adını alan yeganə sənətkardır.