Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
Quba rayonunda bir neçə kəndin adının dəyişdirilməsi müzakirə mövzusudur.
Parlamentdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, Quba rayonunun Vladimirovka kəndi Elbir, Alekseyevka kəndi Çinarlı, Timiryazev kəndi isə Bəhrəli adlandırılacaq. Bununla yanaşı, inzibati ərazi dairələrinin adları da dəyişdirilir. Bu dəyişiklik texniki və ya inzibati məsələ olmaqdan çıxıb. Ölkənin müxtəlif bölgələrində müasir ictimai qavrayışla uyğunlaşmayan, sovet dövründən qalan və ya zamanla ironik məna qazanan yaşayış məntəqəsi adları təəssüf doğurur. Bu, həm də Azərbaycanın toponim siyasəti, milli kimlik və ictimai yaddaş məsələsidir. Uzun illərdir xəritələrdə qalan bəzi kənd adları artıq cəmiyyətdə istehza mövzusuna çevrilib. Xoruzlu, Bağırsaq, Dandıx, Potu, Mırtı, Qızqayıtdı, İnəkboğan kimi adlar sosial mediada tez-tez zarafat predmetinə çevrilir.
Əlbəttə, bu adların əksəriyyətinin tarixi, etnoqrafik və dialektoloji kökləri var. Bəziləri qədim tayfa adlarından, bəziləri coğrafi xüsusiyyətlərdən, digərləri isə folklordan yaranıb. Lakin zaman dəyişdikcə ictimai qavrayış da dəyişir. Bir vaxtlar adi görünən ad bu gün fərqli assosiasiyalar doğura bilir. Məsələ ondadır ki, yaşayış məntəqəsinin adı sadəcə xəritədə yazılan söz deyil. O ad məktəbli uşağın ünvanıdır, insanın şəxsiyyət vəsiqəsində yazılır, rəsmi tədbirlərdə səsləndirilir, beynəlxalq platformalarda görünür. Bu səbəbdən də toponimlər dövlətin dil siyasətinin və milli imicinin bir hissəsi sayılır.
Bir sıra ölkələr zamanla mənfi assosiasiya doğuran və ya köhnəlmiş yaşayış məntəqəsi adlarını dəyişib. Azərbaycanda da son illər sovet ideologiyasını əks etdirən adların dəyişdirilməsi istiqamətində addımlar atılır. Qubadakı son dəyişikliklər də həmin prosesin davamı kimi qiymətləndirilə bilər. Burada əsas məsələ tarixi tamamilə silmək deyil. Əsas məsələ həm tarixi yaddaşı qorumaq, həm də müasir ictimai estetikaya və milli kimliyə uyğun adlandırma siyasəti formalaşdırmaqdır.
E.Məmmədəliyev,
Musavat.com