112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
112 Nobel mükafatı laureatı İran hakimiyyətini və beynəlxalq ictimaiyyəti həbsdə olan insan haqları fəalı Nərgiz Məhəmmədinin səhhətinin pisləşməsi səbəbindən azad etməyə çağırıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 12 mayda dərc edilən birgə bəyanatda onlar 2023-cü ildə Nobel Sülh Mükafatına layiq görülmüş Nərgiz Məhəmmədinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
10 mayda N.Məhəmmədi ağır vəziyyətdə təcili yardım maşını ilə Tehranın Pars xəstəxanasına aparılıb. Onun nümayəndələrinin sözlərinə görə, insan haqları fəalı həbsdə olduğu müddətdə xeyli arıqlayıb, qeyri-sabit qan təzyiqi və ciddi ürək problemlərindən əziyyət çəkib. Xəstəxanaya yerləşdirilməzdən əvvəl o, ehtimal ki, infarktdan sonra həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb.
Nobel mükafatçıları açıqlamalarında bildiriblər ki, tibb mütəxəssisləri onun həyatının təhlükədə ola biləcəyi barədə xəbərdarlıq edirlər: “Ona bir neçə aydır ki, ixtisaslaşmış tibbi yardım göstərilmir".
Müraciəti kimya üzrə 26 Nobel mükafatı laureatı, iqtisadiyyat üzrə 12, ədəbiyyat üzrə 5, tibb üzrə 29, sülh üzrə 11 və fizika üzrə 29 mükafatçı imzalayıb.
54 yaşlı Nərgiz Məhəmmədi 2023-cü ildə "İranda qadınlara qarşı zülmə qarşı mübarizəsinə və hamı üçün insan hüquqları və azadlığının təmin edilməsinə" görə Nobel Sülh Mükafatına layiq görülüb. İran hakimiyyəti fəalı 1998-ci ildən bəri dəfələrlə həbs edib. O, ölüm hökmü və məcburi hicab qanunlarına qarşı çıxış edib. Bir neçə məhkumluq üzrə onun ümumi cəzası 44 ildən çoxdur. 2026-cı ilin fevral ayında N.Məhəmmədi cinayət törətmək üçün sui-qəsd və hökumət əleyhinə təbliğat yaymaqda ittiham olunaraq 7,5 il həbs cəzasına məhkum edilib.