“Günəşli”dəki yanğın davam edir: hər gün 1 milyon manat itirilir (FOTO)
Xəzər dənizinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yanğın davam edir. Yataqdan bu gün çəkilmiş foto Musavat.com-a göndərilib. Fotodan da göründüyü kimi, yanğını söndürmək hələlik mümkün olmayıb.
Mütəxəssislərin hesablamalarına görə, 10 saylı dərin dəniz özülündə yanğının davam etdiyi hər gün 1 milyon manatlıq neft itirilir. “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülü ətrafında 28 quyu var. Onlardan 26-ı neft quyusudur, onun da ikisi işlək vəziyyətdə deyil. Rəsmi açıqlamaya görə, hadisə baş verəndən dərhal sonra ora gələn borular bağlanıb. “Günəşli” yatağındakı 10 saylı platforma 1984-cü ildə tikilib, istismar müddəti 50 ildir. Neft hasilatı 950 ton, qaz isə 1 milyon kub metrə bərabərdir. Bu isə onu deməyə əsas verir ki, yatağın hər gün işləməməsi büdcəyə 950 ton neft, 1 milyon kub metr qaz hesabına başa gəlir.
