Dərc edilib: 11-12-2015

https://www.nuh.az/6931-.html

Abutalıbov və İlqar Abbasov sahibkarlardan niyə gizlənir?

11.12.2015 19:15:50

Siyasət

Bir neçə gündür Suraxanı RİH-nin başçısı İlqar Abbasovun göstərişi ilə heç bir qanuni sənəd olmadan “Orbit A.M.Ə” MMC-nin inşa etdiyi 8 mərtəbəli 2 binası sökülür.


Şirkətin icraçı direktoru Faiq Rüstəmli mətbuata bildirib ki, Bakı ŞİH başçısı Hacıbala Abutalıbov 27.07.2005-ci il tarixdə verdiyi 203 saylı sərəncamı 10 il sonra, yəni 21.09.2015-ci il tarixli 393 saylı sərəncamla heç bir səbəb göstərmədən ləğv edərək Suraxanı İH-ə göstəriş verib ki, şirkətə məxsus 8 mərtəbəli binalar sökülsün. Ən qəribə hal budur ki, meriya tələb edib ki, həmin binadan mənzil alan vətəndaşların zərərini şirkət rəhbərliyi ödəsin.


"Qərardan" dərhal sonra şirkətə heç bir xəbər edilmədən binalar darmadağın edilib. Nəticədə şirkətə təxminən 30 milyon manat ziyan dəyib. Üstəlik 3 ay müddətində şirkətin rəhbərliyi dəfələrlə Hacıbala Abutalıbovla görüşməyə və problemi sivil qaydada müzakirə etməyə cəhd etsələr də, şəhərin meri onları qəbul etməyib və bu günə kimi, qəbul etmir.

 

Əlimizdə olan şirkətin sənədlərindən bəlli olur ki, 10 il əvvəl Hacıbala Abutalıbovun 27.07.2005-ci il tarixdə verdiyi 203 saylı sərəncamla Suraxanı-Hövsan yolunun üstündə “Orbit A.M.Ə” şirkətinə tikinti işləri aparmaq üçün 7,4 hektar torpaq sahəsi ayrılıb. 29.03.2007-ci il tarixdə 116 saylı sərəncamla şirkətə burada yaşayış kompleksi salmağa icazə verilib.

 

Verilən sərəncam əsasında yaşayış kompleksinin layihəsi işlənib hazırlanıb. Layihə Memarlıq və Şəhərsalma Baş idarəsi ilə razılaşdırılıb. Layihə əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsindən, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətindən, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsindən rəylər alınıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyi tikinti-quraşdırma işlərinin aparılmasına icazə verib. Bu günə kimi iki 8 mərtəbəli (biri zirzəmi) bina tam tikilib, iki binanın özülü atılıb, bir binanın birinci mərtəbəsi işlənib. Mənzillərin bir hissəsi vətəndaşlara satılıb.

 

Mənzil alan vətəndaşlar söküntüyə etiraz olaraq aksiya keçirmək istəsələr də, şirkətin rəhbərliyi mənzil sahiblərini təmkinli olmağa çağırıb.

Lakin Suraxanı RİH-nin başçısı İlqar Abbasov şirkətə məxsus binaları özülünə qədər sökməkdə qərarlıdır. Şirkətin rəhbərliyi hər gün İlqar Abbasovla görüşüb məsələni müzakirə etmək istəsə də başçı görüşdən qaçır. Çünki binaların sökülməsi üçün ortada əsaslandırılmış sərəncam, məhkəmə qərarı yoxdur, söküntü işləri qanunsuz aparılır. Hətta Suraxanı polisi şirkətin işçilərini həbs etməklə hədələyir.

 

Şirkətin rəhbərliyi isə bizə bildirdi ki, biz ölkə başçısı İlham Əliyevə güvənirik: “ Ölkə başçısı bu ilin oktyabrın 12-də Nazirlər Kabinetinin iclasında bildirdi ki, sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”. Hazırda binaların söküntüsü davam edir.

 

Şirkətin direktoru qeyd edib ki, əgər bizim əmlakımız dövlət ehtiyacı üçün sökülürsə, biz etiraz etmirik: “ Amma qanunla bizə dəyən zərər ödənilməlidir. Ölkə başçısı möhtərəm prezidentimiz İlham Əliyev cənabları da dəfələlə bildirib ki, iş adamları incidilməməli və onlara dəyən zərər ödənilməlidir”.

Amma Hacıbala Abutalıbov və digər səlahiyyətli şəxslər MMC-nin sahibləri ilə hətta danışmaq istəmirlər. Baş verən qanunsuzluqla bağlı Suraxanı RİH-nin başçısı İlqar Abbasovla telefon əlaqəsi saxlamağa çalışsaq da, icra başçısı telefonu açmadı.

 

Bizimxeber.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib